Respublika ərazisində yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrin müvəqqəti subasması qeydə alınıb:
"Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb".
Qeyd edilir ki, sel hadisəsinə dair vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbəri gecə saatlarında əraziyə baxış keçirib.
"Udullu kəndindəki süni göldə su səviyyəsinin yüksəlməsi səbəbilə yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülüb. Ciddi təhlükə qeydə alınmayıb.
İsmayıllı rayonu ərazisindən keçən çaylarda da qısa müddətli sel suları müşahidə olunub, lakin ciddi fəsad baş verməyib.
Hazırda da qabaqlayıcı tədbirlər davam etdirilir", - qurumdan əlavə olunub.