Yevlax, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla anıblar.
İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi, Qarabağımıza azadlıq və sülh gətirdi.
Tədbirin gedişində Yevlax məktəblərinin Respublika Fənn olimpiadalarında yüksək nəticə əldə etmiş şagirdlərinə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, həmçinin, Yeni Azərbaycan Partiyasını sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri, əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov və tanınmış musiqiçilər tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş əsərlər səsləndirilib.