Bakı, 7 may, AZƏRTAC
Avtomat hidroloji stansiyaların mayın 7-si saat 9:00-a olan məlumatına əsasən, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 53, Pirsaatçay, Vəlvələçayda 4, Əyriçayda 2, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 6, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 6, Kür çayının aşağı axımında Kür-Surrada 46, Kür-Zərdabda 20, Araz çayının yuxarı axımında isə 34 santimetr artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 santimetr artıb, su sərfi saniyədə 773 kubmetr olmaqla normanın 107 faizini, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 34 santimetr artıb, su sərfi saniyədə 284 kubmetr olmaqla normanın 143 faizini təşkil edir.