Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovdeyib ki, bu cür dələduzluq halları texnoloji zəiflikdən deyil, insan faktorundan qaynaqlanır:
"Dələduzlar kart məlumatlarını insanlardan könüllü şəkildə almağa çalışırlar. Ən çox istifadə olunan metodlar - saxta zənglər, fişinq mesajlar və sosial şəbəkələr üzərindən yönləndirilən zərərli linklərdir. Vətəndaşların nömrələrinin necə əldə olunması məsələsinə gəldikdə, bu, müxtəlif qanunsuz mənbələrdən sızdırılmış məlumat bazalarından, onlayn platformalara qeydiyyat zamanı icazə verilmiş paylaşımlar vasitəsilə və ya bəzi mobil tətbiqlər tərəfindən toplanaraq əldə edilə bilər. Bəzən nömrələr tamamilə təsadüfi seçilir".
Elvin Həsənov
Mütəxəssis bildirib ki, əsasən, bank müştəriləri hədəf alınır:
"Bank kartlarının əvvəlcədən analiz edilməsi və ya vətəndaşın hesabında nə qədər pul olması barədə dəqiq informasiya dələduzların əlində olmur. Onlar statistik ehtimallara əsaslanaraq, məsələn, maaş və pensiya günləri və ya bayram öncəsidövrlərdə fəallaşırlar. Kartda uzun müddət hərəkətsizlik olsa belə, bu, hədəf seçilmək ehtimalını tam aradan qaldırmır".