AZ

Yeni tədris ilində müəllimlərə “hədiyyə” gəlir -

Son dövrlərdə təhsil işçilərinin rifahının yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Bu yeniliklərdən biri də Təhsilin İnkişafı Fondu tərəfindən növbəti tədris ilindən etibarən müəllimlərə güzəştli kartların təqdim olunmasıdır. Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs ilk olaraq tam orta təhsil müəssisələrini, daha sonra isə orta ixtisas və ali təhsil müəssisələrini əhatə etməlidir: “Nəzərə alsaq ki, hazırda təxminən 200 min nəfərə yaxın şəxs bu təhsil müəssisələrində çalışır, o cümlədən peşə təhsili müəssisələri də bu siyahıya daxildir. Kartların əsasən iaşə obyektlərində, alış-veriş mərkəzlərində, restoran və digər xidmət sahələrində tətbiqi nəzərdə tutulur. Lakin arzuolunan odur ki, bu güzəştlər mədəniyyət sahəsini, xüsusilə teatrları, kinoteatrları və muzeyləri də əhatə etsin. Məsələn, bir müəllim tarixi bir muzeyi ziyarət etmək istədikdə və ya ölkə xaricində arxeoloji və ya elmi-tədqiqat xarakterli bir tədbirdə iştirak etdikdə, bu kartlar vasitəsilə müəyyən endirimlərdən faydalana bilsə, bu, həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm dəstək olar”. E.Əfəndi qeyd edib ki, ən başlıca məsələ nəqliyyat və mənzil sahələrində güzəştlərin tətbiqidir. Onun sözlərinə görə, müəllimlərin bu sahələrdə ciddi problemləri var: “Arzuolunandır ki, bu kartlar vasitəsilə, məsələn, mənzil almaq istəyən müəllimlər üçün tikinti şirkətləri müəyyən endirimlər tətbiq etsin və ya ictimai nəqliyyatdan istər yerüstü, istərsə də metrodan istifadə zamanı güzəştli tariflər tətbiq olunsun. Düşünürəm ki, bu cür təşəbbüslər müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
5
metbuat.az

6Mənbələr