Transxəzər Beynəlxalq Nəqliyyat Marşturu (“Orta Dəhliz”) geosiyasi təzyiqlərə davam gətirə biləcək davamlı tərəfdaşlıqları təcəssüm etdirir.
Avtosfer.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir, Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın İtalyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısına müraciətində bildirib.
Onun sözlərinə görə, regional və qlobal miqyasda baş verən son hadisələr Orta Dəhlizin əhəmiyyətini bir daha ortaya qoyub:
"Azərbaycan burada vacib mövqeyə malikdir. Gərginliyin və qeyri-müəyyənliyin artdığı bir dövrdə, bu dəhlizin alternativ və etibarlı bir yol kimi strateji əhəmiyyəti daha da aydın görünür. Bu təşəbbüs iqtisadi asılılıqların şaxələndirilməsi və geosiyasi dəyişikliklərdən qaynaqlanan risklərin azaldılması üçün mühüm vasitə rolunu oynayır. Ən son yeniləmədə təqdim edilən hərtərəfli analiz və strateji yol xəritəsi Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsini, eləcə də regional və ya qlobal qeyri-sabitlik dövründə belə, onun dayanıqlı ticarət və əməkdaşlıq arteriyası kimi fəaliyyətini təmin etməyə yönəlib".
Nazir qeyd edib ki, Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə sahib olan Azərbaycan Orta Dəhlizin inkişafında öz həlledici rolunun fərqindədir:
“Bu gün təqdim olunan təşəbbüslər və fəaliyyət qrafikləri infrastrukturun təkmilləşdirilməsi, səmərəliliyin artırılması və davamlı iqtisadi artımın təşviqi ilə bağlı milli hədəflərimizlə tam uyğundur. Azərbaycan bu təşəbbüsə sadiqliyini ifadə edərək qeyd edir ki, Orta Dəhliz təkcə fiziki bağlantı deyil, həm də sabitlik yaradan bir qüvvədir. Bu dəhliz sadəcə logistika və ticarətlə məhdudlaşmır".