ABŞ Prezidenti Donald Tramp ölkəsinin Yəmənin “Ənsar Allah” hərəkatından olan üsyançı husilərə qarşı hücumlarını dayandırdığını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşündə söyləyib.
“Husilər, ən azı biz, bildiriblər ki, daha döyüşmək istəmirlər. Onlar döyüşmək istəmirlər və biz buna hörmət edirik. Bombardmanı dayandıracağıq. Onlar təslim oldular. Husiləri bombalamağı dərhal dayandırırıq”, - o deyib və əlavə edib ki, husilər də öz növbəsində Qırmızı dənizdə və Bab əl Məndəb boğazında heç bir gəmiyə hücum etməyəcəklərinə söz veriblər.
Jurnalistlərdən birinin husilərin gəmilərə hücum etməməyə hazır olması ilə bağlı məlumatı Amerika rəhbərliyinin haradan əldə etməsi ilə bağlı suala Tramp “bunun fərqi yoxdur” cavabını verib. “Mənim çox yaxşı mənbəm var”, - o deyib. “Onlar bizim onları daha bombalamağımızı istəmirlər. Mən əslində belə olacağını düşünürdüm”, - Ağ Evin rəhbəri fikrini yekunlaşdırıb.
Qeyd edək ki, martın 15-dən ABŞ Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən husilərin hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığından bildirilib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyıb. Buna cavab olaraq husilər Qırmızı dənizin şimalında “Harry Truman” təyyarədaşıyan gəmisinə bir sıra hücumlar həyata keçirib.