Xəbər verdiyimiz kimi, aprelin 23-ü Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü müvəqqəti təmir olunaraq yenidən istismara verilib.
“Qafqazinfo”nun məlumatına görə, Qubanın rayon mərkəzini 60-dan artıq kəndlə birləşdirən yolun üzərindəki körpünün hazırkı vəziyyəti də ürəkaçan deyil.
Belə ki, sosial şəbəkələrdə körpünün kənardan çəkilmiş görüntüsü yayılıb. Görüntüdən körpünün tağlarından birinin çökməsi və bu səbəbdən tağları birləşdirən plitələrin də əyilməsi aydın görünür.
Ərazidəki vəziyyət sürücülərdə narahatlıq yaradıb. Mütəxəssislər güclü sel nəticəsində körpünün tamamilə çökə biləcəyini və bunun ağır fəsadlarının ola biləcəyini qeyd edirlər.
***
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş verib:
“Dayaq bərpa olunaraq gücləndirilib. Müvəqqəti olaraq da körpü istifadəyə verilib. Kənardan körpünün əyilməsi görünə bilər. Amma hazırda təhlükəli vəziyyət yoxdur. Yeni körpü inşa olunana qədər bu körpüdən müvəqqəti istifadə ediləcək. Sonra isə yeni körpü inşa olunduqdan sonra söküləcək”.
Həmin görüntüləri təqdim edirik:

