AZ

Kiberhücumları həyata keçirən ölkə zəif siyasətini nümayiş etdirir - RƏY

Kiberhücumlar, feyk müdaxilələr bunu həyata keçirən ölkənin zəif siyasətinin göstəricisidir.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O qeyd edib ki, hazırda qlobal media sferasında gedən proseslər təzadlı və dolaşıqdır.

“Öz xətti ilə gedən ölkələrdə media strukturları fəaliyyətlərini etibarlı bir şəkildə formalaşdırırlar. Azərbaycanda da bu belədir. Elə ona görə də Azərbaycana kənardan müdaxilə etməyə çalışanlar var. Həmin qüvvələrin qayəsi Azərbaycan cəmiyyətini yanlış istiqamətlərə yönəltmək, cəmiyyətdə yanlış fikirlər oyatmaqdan ibarətdir”, - deyə ekspert söyləyib.

T.Abbasov əlavə edib ki, texnologiyanın inkişafı bu müdaxilə cəhdlərini daha da artırıb:

“Ancaq müdaxilə meylində olanlar nəzərə almalıdırlar ki, Azərbaycan dövləti sadəlövh sistem qurmayıb, yüngül gedişlər sistemə zərər verə bilməz. Azərbaycan bölgədə öz mövqeyini təsdiqləmiş bir ölkədir”.

Ekspert “Global Media Group”a daxil olan media subyektlərinə fevral ayında Rusiyada kiberqruplaşmalar tərəfindən edilmiş hücumlara da diqqət çəkib.

“Müxtəlif dövlətlərdə təzyiq vasitəsi kimi kiberhücumlar təşkil edən qüvvələr var. Rusiyada bu istiqamətdə fəaliyyət göstərənlər də öz məharəti ilə seçilirlər. Ancaq bu o demək deyil ki, onlar istənilən yeri ram edə bilərlər. Azərbaycanın kibertəhlükəsizlik sahəsində kifayət qədər yetkin qüvvələri var və onlar texnoloji yeniliklərdən xəbərdardırlar”,- deyə müsahib vurğulayıb.

T.Abbasov hesab edir ki, Azərbaycan media strukturlarına müdaxiləyə cəhd edənlər bu media məkanının öz mövqeyini qətiyyətlə qoruduğunu və qoruyacağını nəzərə almalıdırlar:

“Bəli, Azərbaycan mediasına qəti müdaxilə cəhdləri var, ancaq bu kiberhücumların təsirinə düşmək olmaz. Onları təqib edib öyrənmək lazımdır ki, gələcəkdə belə hallarla üzləşməyək. Kiberhücumlar, feyk müdaxilələr zəif siyasətin nümunəsidir. Azərbaycan isə güclü siyasəti müdafiə edən tərəfdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda ictimai müzakirələr keçirib. Bu müzakirələrdə “Global Media Group”a daxil olan media qurumlarına fevral ayında edilən kiberhücumlara diqqət çəkilib. Bildirilib ki, həmin ücumların mənbəyi Rusiya ərazisindəki kiberqruplaşmalar olub.

Seçilən
0
44
report.az

10Mənbələr