Azərbaycanın əzəli torpaqları olan İrəvan, Zəngəzur, Göyçə bu gün müasir Ermənistan ərazisi hesab olunsa da, şimal qonşumuz Rusiyanın dövlət arxivlərində həmin ərazilərin Azərbaycana, azərbaycanlılara məxsus olduğunu sübut edən çox sayda sənədlər mövcuddur. Həmin sənədlərdə Ermənistandakı yer adlarının, toponimlərin Azərbaycana aid olması, sonradan dəyişdirilərək erməniləşdirilməsi əks olunub. Eyni zamanda, Rusiya arxivlərində 1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına dair xeyli sayda sənədlərə də rast gəlmək mümkündür. Həmin sənədlər bu gün “RQASPİ” adlanan Rusiya Sosial Siyasi Tarix Dövlət Arxivində, Rusiya Federasiyası Dövlət Arxivi və Rusiya Dövlət İqtisadiyyat Arxivində qorunub saxlanılır.
APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov ötən əsrin 40-50-ci illərində Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiya olunmasında dair Rusiya arxivlərindəki sənədlərlə tanış olub. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı və 10 mart 1948-ci il tarixli 754 saylı qərarlarının sürətlərini əldə edib.
Həmin qərarlardan məlum olur ki, azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının səbəbi xaricdəki ermənilərin həmin ərazilərə yerləşdirilməsi olub. Arxiv sənədlərində həm də qərbi azərbaycanlıların zorla köçürülməsinin həmvətənlərimiz tərəfindən etirazla qarşılandığı öz əksini tapıb. Əməkdaşımız arxivdəki fəaliyyəti zamanı müəyyən çətinliklərlə üzləşib. Belə ki, azərbaycanlıların Ermənistandan deportasiyasına dair bir sıra arxiv sənədlərinə çıxış müxtəlif bəhanələrlə məhdudlaşdırılıb.
Türkiyədən torpaq ala bilməyən Stalin qurban kimi Ermənistan SSR-də yaşayan azərbaycanlıları seçir
İkinci Dünya müharibəsindən qalib çıxan Sovet İttifaqı rəhbərliyi həmin illərdə hərbi qüdrətinin və dünyada artan siyasi nüfuzunun dalğası ilə yaranmış vəziyyətdən istifadə edərək, Sovet Rusiyasının 1921-ci ildə könüllü olaraq verdiyi torpaqları - Qars, Ərdahan və Artvini Türkiyədən geri almaq qərarına gəlir. Rəsmi Moskvanın Sovet İttifaqı-Türkiyə sərhədinə yenidən baxılması ilə bağlı arqumentlərindən biri də SSRİ-yə xaricdən kütləvi şəkildə gələn erməni repatriantlarının vahid Ermənistan Sovet Sosialist Respublikası çərçivəsində öz soydaşları ilə birləşmək zərurəti ilə bağlı tezis idi. Əslində bu tezis də xaricdəki erməni diasporuna elə Kremldən ötürülmüşdü. Mərkəzdən Moskvanın xaricdəki səfirliklərinə ermənilərin yaşadıqları ölkələrdəki diasporla əlaqəyə keçmələri tapşırılmışdı. Çünki Kremlə Türkiyədən torpaq almağı əsaslandırmaq üçün xaricdəki ermənilərin Moskvaya formal müraciəti lazım idi. Xaricdəki ermənilər fürsəti əldən vermir... Sovet İttifaqına müraciət edirlər. ABŞ və Böyük Britaniyanın siyasi dəstəyinə arxalanan Türkiyə Moskvanın təzyiqlərinə tab gətirərək öz ərazilərini Sovet İttifaqına verməkdən imtina edir. Türkiyədən torpaq ala bilməyən SSRİ rəhbərliyi xaricdəki ermənilərin rifahı üçün qurban kimi Ermənistan SSR-də yaşayan azərbaycanlıları seçir. Beləliklə, Kreml tərəfindən 130 min azərbaycanlının öz ata-baba yurdlarından xaricdəki ermənilərin xeyrinə çıxarılması qərarı verilir.
Uzun illərdir ki, Rusiyanın dövlət arxivlərində araşdırmalar aparan tarixçi Eldar Abbasov bildirib ki, 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarında üç il ərzində, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min, ümumilikdə 100 min azərbaycanlının Ermənistandan Azərbaycana köçürülməsi planlaşdırılırdı.
“Əslində bu proses çox da asan olmayıb. Bununla əlaqədar, 3 may 1948-ci il Ermənistan SSR-in daxili işlər naziri Xoren Qriqoryanın üzərində “tam məxfi qrifli” arayışı var. Orada bütün rayonlar üzrə əhalinin əhval-ruhiyyəsindən bəhs edilib. Bilirsiniz ki, beş rayondan köçürülmə olmalı idi. Amasiya - Amasiya demək olar 90 faiz azərbaycanlılardan ibarət idi - Vedi, Zəngibasar, Sisyan və Basarkeçərdən azərbaycanlılar köçürülməli idi. Qriqoryanın hazırlamış olduğu arayış göstərir ki, azərbaycanlılar qətiyyən bu qərarı müsbət şəkildə qəbul etmirlər. Öz ata-babalarının torpaqlarından getməyi qətiyyən qəbul etmək istəmirlər”, - tarix elmləri namizədi Eldar Abbasov qeyd edib.
Azərbaycanlıların doğma yurdlarından zorla qovulması müharibə illərində başqa xalqlarda olduğu kimi, sovet hökumətinə qarşı günahların cəzası olmasa da, bu, on minlərlə ailə üçün əsl faciəyə çevrildi. Mahiyyət etibarı ilə deportasiya olunmuş azərbaycanlılar İkinci Dünya müharibəsindən sonra Stalinin dünya ərazilərinin yenidən bölüşdürülməsi istəyinin girovuna çevrildilər.
Moskva hələ də azərbaycanlıların deportasiyası ilə bağlı arxiv sənədlərini ictimaiyyətə təqdim etməkdən çəkinir
Rusiya arxivlərində azərbaycanlıların Ermənistandan deportasiya olunmasına dair çox saylı sənədlər mövcud olsa da, rəsmi Moskva hələ də bu sənədləri ictimaiyyətə təqdim etməkdən çəkinir. Belə ki, azərbaycanlıların deportasiyası ilə bağlı “RQASPİ”dəki sənədlərin öyrənilməsi ilə bağlı müraciətimizə arxivdən “Sizi maraqlandıran sənədlərə çıxış səlahiyyətli maraqlı orqanların rəyi əsasında verilə bilməz” cavabı verildi. Rusiya Dövlət Arxivindən də buna bənzər bəhanə ilə həmin sənədlərin çəkilişinə icazə verilmədi və ümumilikdə arxiv sənədləri öyrənilməsi üçün təqdim olunmadı.
Rusiya Dövlət İqtisadiyyat Arxivindən azərbaycanlıların deportasiyası ilə bağlı mühüm sənədlər əldə etdik
Bununla belə, Ermənistandan azərbaycanlıların zorla köçürülməsi ilə bağlı arxiv sənədlərinin bir hissəsinin yerləşdiyi Rusiya Dövlət İqtisadiyyat Arxivində çətinliklə də olsa, həmin sənədlərlə tanış olmaq imkanı əldə etdik. Bu arxivdə SSRİ Nazirlər Sovetinin Baş Köçürülmə İdarəsinin fondu yerləşir. 5675 saylı fondda azərbaycanlıların deportasiyası ilə bağlı çox unikal sənədlər mövcuddur. Həmin sənədlərdə Ermənistan SSR-in konkret olaraq hansı rayonlarından, həmin rayonların hansı kəndlərindən nə qədər azərbaycanlı ailənin Azərbaycanın Kür-Araz ovalığında yerləşən rayonlara köçürülmə prosesi, həmin prosesdə baş verən çətinliklər, problemli vəziyyətlər, azərbaycanlıların ata-baba yurdlarından getmək istəməməsi qeydə alınıb. Eyni zamanda, SSRİ Nazirlər Soveti yanında Baş Köçürülmə İdarəsinin əməkdaşlarının 1948-53-cü illərdə Azərbaycan və Ermənistana ezamiyyətləri, azərbaycanlıların məcburi köçürülməsi və xaricdəki ermənilərin gətirilərək azərbaycanlıların zorla çıxarıldığı ata-baba yurdlarında yerləşdirilməsi ilə bağlı Mərkəzi Komitə üçün hazırladıqları arayışlar öz əksini tapıb.
Eldar Abbasov hesab edir ki, Rusiya Dövlət İqtisadiyyat Arxivindən başqa ən önəmli arxiv keçmiş Mərkəzi Komitə yanında Mərkəzi partiya arxividir: “O arxiv bu gün iki hissədən ibarətdir. Biri “RQASPİ”, ikincisi “RQANİ”. “RQASPİ”də 1953-cü ilə qədər olan materiallar var. Bizi bu məsələ ilə əlaqədar maraqlandıran materiallar “RQASPİ”də yer almaqdadır. Burada ən vacib və bizim üçün böyük maraq kəsb edən fond Mərkəzi Komitənin 17-ci fondudur və 555-ci Stalin fondudur. Burada Mərkəzi Komitə ilə Azərbaycan Mərkəzi Komitəsinin, Ermənistan Mərkəzi Komitəsinin yazışmaları var. Çox təəssüflər olsun ki, bu yazışmaları da ala bilmirik, onlara əlimiz çatmır, onları tədqiqatçılara vermirlər”.
Arxivdəki sənədlər deportasiya faktını göstərsə də, rusiyalı tarixçilər bunu inkar edirlər
Rusiyanın dövlət arxivlərində bu gün çox sayda faktlara əsaslanan sənədlər olmasına baxmayaraq, bu ölkənin əksər tarixçiləri azərbaycanlıların Ermənistandan zorla qovulduqlarını inkar edir. Bu tarixi faktı deportasiya deyil, sadəcə “əhalinin köçürülməsi” adlandırırlar.
Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun baş elmi əməkdaşı tarix elmləri doktoru Nikolay Buqay 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan qovulmasının deportasiya olmadığını, sadəcə ölkə daxilində köçürülmə və ya məcburi köçürülmə olduğunu iddia edir.
“Əgər köçürülmə zamanı dövlət sərhədini keçmə varsa, buna o zaman deportasiya demək olar. Sərhəd faktoru yoxdursa, bu köçürülmə və ya məcburi köçürülmədir. Azərbaycanlıların Ermənistandan köçürülməsi Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün respublika rəhbərliyinin mərkəzə müraciəti əsasında baş verib. Sənəd üzərində bu köçürülmədir. Əgər azərbaycanlıları yaşadıqları ərazidən zorla köçürüblərsə, o zaman bu, məcburi köçürülmədir”, - Buqay vurğulayıb.
Görəsən, Rusiya və SSRİ xalqlarının deportasiyası üzrə mütəxəssis olan tarixçi Nikolay Buqay azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunmasının əsas səbəbinin Moskvanın xaricdə yaşayan erməniləri həmin ərazilərdə yerləşdirilmək olduğunu bilmir? Əlbəttə ki, bilir, amma bunu etiraf etmək istəmir.
“Bu gün əlimizdə olan kiçik sayda arxiv materialları, sənədləri 1948-50-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-yə köçürülmə adı altında azərbaycanlıları öz ata yurdlarından məhrum etmək prosesini birbaşa deportasiya adlandırmaq haqqımız var. Bu sözün əsl mənasında deportasiyadır. Bunun başqa bir adı yoxdur. Çünki əlimizdə 3 may 1948-ci il tarixli Ermənistan SSR daxili işlər naziri Xoren Qriqoryanın çox böyük bir “spravkası” var. O “spravka”nı oxuyanda görürük ki, bu köçürülməyə insanlar arasında çox böyük müqavimət olub. Təbii ki, rusiyalı tarixçilərin böyük bir qismi bunu qətiyyən deportasiya adlandırmaq istəmir. Bunun səbəbi ondan ibarətdir ki, deportasiya adlandırıldığı təqdirdə, o rusiyalı tarixçi müəyyən bir anlamda məsuliyyəti öz üzərinə almış olur. Rusiyalı tarixçilər o məsuliyyəti öz üzərinə almaq istəmirlər, o cinayəti paylaşmaq istəmirlər. Məsələ bundan ibarətdir”, - azərbaycanlı tarix elmləri namizədi Eldar Abbasov rusiyalı tarixçilərin deportasiya faktını niyə təsdiqləmədiklərini izah edir.
Yekaterinburqda yaşayan rusiyalı tarixçinin etirafı: Unudulmuş deportasiya
Yalnız Rusiya Elmlər Akademiyasının Ural bölməsinin Fəlsəfə və hüquq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Sergey Moşkinin 2020-ci ildə “Tarixi kuryer” jurnalında çap olunan “Unudulmuş Deportasiya. 1948-1953-cü illərdə etnik azərbaycanlıların Ermənistan SSR ərazisindən məcburi köçürülməsi haqqında” məqaləsində tarixi həqiqət qismən öz əksini tapıb. Rusiyalı müəllif Moskvanın xaricdəki erməniləri Ermənistan ərazisində yerləşdirmək üçün etnik azərbaycanlıları zorla ata-baba yurdlarından çıxardığını yazıb və müasir Rusiya tarix elminin bu faktın üzərindən keçdiyini, məlum hadisənin unudulduğunu qeyd edib.
Moşkinlə müəllifi olduğu məqalə və azərbaycanlıların deportasiyası ilə bağlı danışmağa dəfələrlə cəhd etsək də, tarixçi müsahibə verməkdən imtina etdi. Bəhanəsi isə “xarici jurnalistlərə müsahibə vermirəm” oldu. Amma yenə də həqiqəti yazdığına, Rusiya müasir tarix elminin üzərindən bilərək keçdiyi məqamları işıqlandırdığına görə ona təşəkkür düşür.
P.S. Rusiya Federasiyasının Dövlət Arxivindən azərbaycanlıların Ermənistan SSR-dən hansı məqsədlə deportasiya olunmasına dair qiymətli tarixi sənəd olan SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı Stalinin imzası olduğu qərarını əldə etmişik. Bu qərarın 11-ci maddəsində açıq şəkildə deyilir ki, azərbaycanlılardan azad olunmuş rayonlara, evlərə xaricdən gəlməkdə olan ermənilər yerləşdirilsin. Beləliklə, bu qərarın 11-ci maddəsi ilə azərbaycanlıların Ermənistandan deportasiyasının məqsədinin tam mənası ortaya çıxmış olur. Əldə etdiyimiz məlumata görə, hazırda Rusiya arxivləri bu sənədə də çıxışı tədqiqatçılar üçün məhdudlaşdırıb.