Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işğəncələrlə bağlı xəbərlərə münasibət bildirib.
O, KONKRET.az-a açıqlamasında bunları deyib:
“Məzahir Pənahov o qədər saxtakarlıq edib ki, sayı-hesabı yoxdur. Onun maaşını soruşmaq və oğluna yaratdığı şəraiti hansı pullarla etdiyini aydınlaşdırmaq lazımdır. Oğlu isə öz həyat yoldaşına işgəncə verir. Bu, barbarlıqdır, Azərbaycanın milli mentalitetinə yaraşmayan hərəkətlərdir. Bu şəxslər cəmiyyətə nümunə olmaq əvəzinə, dövlətin başını aşağı edirlər. Xaricdəki casusların əlinə kozır verirlər. Amma vəzifədə oturan bu şəxslər dövlətin nüfuzunu və mənafeyini qorumağa borcludurlar. Təəssüf i, biz əksini müşahidə edirik. Düşünürəm ki, Məzahir Pənahov abırlı formada öz ərizəsini yazıb istefa verməli və vəzifəsini tərk etməlidir. Uşaqlarını isə onun üzünü qara etdikləri üçün bərk danlamalıdır”.
Hafiz Hacıyev fikirlərini ironiya dolu sualla davam etdirib:
“Məzahir Pənahovun heç yerdə işləməyən oğlu ABŞ-da milyonluq villalarda necə yaşayır?. Baş Prokurorluq bunlarla bağlı tədbir görməlidir. Məzahir Pənahov və onun oğluna dövlətin pulunu mənimsəmək xoşdur, amma ölkənin nüfuzunu qorumaq maraqlı deyil. Məzahir Pənahov yaşlı adamdır və onun həbsini istəməzdim. Ancaq özü ərizə yazıb vəzifədən getməlidir. Çünki öz övladına tərbiyə verə bilməyən şəxs dövlətin yüksək postunda vəzifə tutmamalıdır. Oğlu isə öz hamilə arvadını döyüb və uşağını ana bətnində öldürüb. Bunun özü bir cinayətdir. Cinayətə görə isə mütləq cəzalanmalıdır”.
Müşviq Tofiqoğlu