AZ

Azərbaycanla AİİB "yaşıl" enerji və nəqliyyat əlaqəliliyi sahəsində yeni layihələr üzərində işləyirlər - Konstantin Limitovski

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "yaşıl" enerji və nəqliyyat əlaqəliliyi sahəsi ilə bağlı yeni layihələr üzərində işləyir.

Day.Az xəbər verir ki, bunu Trend-in Milana ezam olunmuş xüsusi müxbirinə AIIB-nin investisiyalar üzrə baş direktoru Konstantin Limitovski Asiya İnkişaf Bankının Milanda keçirilən İllik İclasında bildirib.

"Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində güclü potensiala malikdir. Ölkənin həm günəş, həm də külək enerjisi baxımından yaxşı resursları var. Biz bu potensialın regionda inkişaf etdirilən enerji layihələri çərçivəsində fəal şəkildə istifadə olunması üçün hökumət və özəl sektorla əməkdaşlıq edirik.

Yavaş başlasaq da, inamla addımlayırıq: biz "Masdar" şirkəti ilə birlikdə külək enerjisi layihəsini maliyyələşdirmişik və gələcəkdə həm günəş, həm də külək enerjisi sahəsində özəl sektorda daha bir neçə layihənin həyata keçirilməsini planlaşdırırıq", - deyə Limitovski vurğulayıb.

Onun sözlərinə görə, tərəflər bir sıra yeni layihələr hazırlayırlar və Energetika Nazirliyi ilə birlikdə nəqliyyat əlaqəliliyi sahəsində texniki potensialın yaradılması üzərində işləyirlər.

"Azərbaycan tərəfindən təqdim olunan iki layihə bizim tərəfdaş institutumuz - İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzi (MCDF) vasitəsilə həyata keçirilir. Söhbət sahilyanı infrastruktur, o cümlədən, bərpa olunan energetika sahəsində texniki-iqtisadi əsaslandırmaların hazırlanmasından gedir", - deyə o qeyd edib.

Limitovski bildirib ki, AIIB regionda əlaqəliliyin inkişafında böyük potensial görür.

"Biz hökumətlə birlikdə Bakı Dəniz Ticarət Limanının inkişafının ikinci mərhələsi üzərində işləyirik. Düşünürük ki, artan tələbatı gələcəkdə qarşılamaq məqsədilə indi genişlənmək üçün əlverişli zamandır", - deyə o əlavə edib.

Seçilən
0
1
day.az

2Mənbələr