AZ

"Ukrayna və Rusiya "toxunulmaz" dronlara ümid bəsləyir" - "The Economist"

 
"Dronlar Ukraynadakı müharibənin gedişatını kökündən dəyişib..."
 
Müharibədə texnologiyaların inkişafı heyrət doğurur. Hazırda Ukraynada bəzi müəssisələr cəmi bir neçə yüz belə dron istehsal etsə də, yayadək bu rəqəm 10 minə çatacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Dronlar Ukraynadakı müharibənin gedişatını kökündən dəyişib. Komandirlər artıq bunkerə çəkilərək monitorlardan müşahidə aparır, kəşfiyyat dronları isə hədəf axtarır. Hədəf aşkarlandıqda, ona artilleriya, minaatan və ya bombalayıcı və FPV dronlarla zərbə endirilə bilər.
 
Lakin havadakı dronların yarıdan çoxu ya radio-elektron mübarizə (REB), ya da texniki nasazlıqlar səbəbilə itirilir. Nəşr yazır ki, indi arsenalda görünən yeni növ dronlar xeyli daha effektivdir.
 
Söhbət lifli-optik (optik kabellə idarə olunan) dronlardan gedir. Bu dronlarda radiodalğa olmadığından onların siqnalı tutulmur və sıxışdırılmır, beləliklə, onları dayandırmaq çox çətindir.
 
Kiyevdəki "3DTech" şirkəti bu dronların istehsalını ayda 600-dən yayadək 10 minə çatdırmağı planlaşdırır. Şirkət, həmçinin, mövcud dronların modernləşdirilməsi üçün ayda 3000 dəst hazırlayır. "Tayfun" dron bölməsinin komandiri Mixail deyir ki, onun dronlarının 20 faizi artıq bu yeni növdəndir və yayda bu nisbət üstünlük təşkil edəcək.
 
Bu dronlar adi radiodalğalı modellərdən fərqli olaraq, çox nazik kabel vasitəsilə idarə olunur, bu, hələ 1945-ci ildə tətbiq edilən naqilli raketləri xatırladır. Kabel sayəsində həm də operatora görüntü kristal kimi aydın ötürülür, sanki köhnə 1970-ci illərin televiziyası ilə HD arasında fərqdir.
 
Bu dronlar haqqında başqa nə məlumdur?
 
Rusiyanın bu texnologiyanı kütləvi tətbiq etməyə başlaması ötən ilin sonuna təsadüf edir. Onlar Kursk vilayətindəki hücumlarda mühüm rol oynayıb. Ukrayna isə bu təcrübəni bir neçə ay sonra mənimsəyib. İndi bu tip dronlar şərq cəbhəsində fəal istifadə olunur.
 
Ukrayna eyni zamanda Rusiyanın optik lif istehsal edən Saransk şəhərindəki zavodunu da vurub. Ölkənin özü bu vaxta qədər belə kabelləri istehsal etməyib. "3DTech" bu ay özünün ilk milli kabelini sınaqdan keçirməyə başlayacaq.
 
Şirkətin texniki direktoru Aleksey Julinskiyə görə, bazarda əsasən Çin istehsalçıları üstünlük təşkil edir. Ukraynalı və rusiyalı alıcılar tez-tez eyni Çin zavodlarında rastlaşır, rusiyalılar isə bəzən daha yüksək qiymət təklif etməklə sifarişləri əllərindən alır. Bu, tədarükü tam dayandırmasa da, ləngidir.
 
Texniki və praktiki çətinliklər
 
Optik dronun kabeli onunla birlikdə havada açılır. Əvvəllər istifadə olunan Çin istehsalı bobinlər etibarsız olduğundan, birinci nəsil dronlar çox vaxt hədəfə çatmayıb. İndi isə 80 faizi uğurla tapşırığı yerinə yetirir.
 
Ancaq bu dronlar ağırdır və operatorun yetişməsi aylarla çəkir. Kabel ağaclara dolaşa bilər və günəşdə parıldayaraq həm dronu, həm də operatorun yerini ifşa edə bilər. Dronun fəaliyyət radiusu 10-15 km-dir, bu isə operatorun cəbhəyə yaxın olmasını tələb edir.
 
Hər iki tərəf belə dronlara qarşı tədbirlər də sınaqdan keçirir - yollar və mövqelər üzərinə torlar çəkilir, lakin onların səmərəliliyi aşağıdır. Bəzən səsgələn dronları əsgərlər ov tüfəngi ilə vurmağa çalışır. "3DTech" hətta digər dronlara qarşı "obrezka" ilə silahlanmış dron da sınaqdan keçirir.
 
Məqalədə qeyd olunur ki, lifli-optik dronlar PUA-ların inkişafında növbəti mərhələ sayılsa da, bu, REM sistemlərindən yayınmaq üçün müvəqqəti həlldir. Ukraynanın əsas məqsədi dronları, raketləri, təyyarə və helikopterləri iflic edə biləcək lazer silahı yaratmaqdır.
 
Digər yeniliklər
 
Ukrayna ordusu PUA sahəsində müstəsna irəliləyişə nail olaraq müasir müharibənin formasını dəyişdirib. Lakin Rusiya da geri qalmır. Onlar aprel ayındakı nəticələrdən razı qalıb və mayda 2-3-4 ədəd reaktiv PUA-ların qrup halında buraxılışı planlaşdırılır.
Seçilən
0
moderator.az

1Mənbələr