AZ

ABŞ Gürcüstana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstanın yüksək rütbəli məmurlarına sanksiya və viza məhdudiyyətləri tətbiq edən “Dostluq” qanun layihəsini təsdiqləyib. 

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstanın “İctimai” Televiziya və Radio Şirkəti məlumat yayıb.

Bildirilib ki, qanun layihəsini 168-i respublikaçı, 181-i demokrat olmaqla 349 konqresmen dəstəkləyib. 42 konqresmen əleyhinə səs verib, daha 42 nəfər səsvermədə iştirak etməyib.

Qeyd olunub ki, bu qanun layihəsinin tam adı “Gürcüstanın Hesabatlılığın, Dayanıqlığın və Müstəqilliyin Gücləndirilməsi və Səfərbərləşdirilməsi Aktı”dır. Onun rəsmi adı “Çin Kommunist Partiyasının, İran rejiminin və Rusiya Federasiyasının Gürcüstanda təsiri ilə mübarizə”dir.

“Dost” qanun layihəsi xüsusi olaraq bütün yardım proqramları da daxil olmaqla, Birləşmiş Ştatlar və Gürcüstan arasında münasibətlərə tam şəkildə yenidən baxılması təşəbbüsünə yönəlib. Qanun layihəsində həmçinin ABŞ Prezidentini “Avro-Atlantika yolundan yayınmaq üçün korrupsiya ilə məşğul olan, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya ölkənin sabitliyinə xələl gətirən digər korrupsiya əməlləri ilə məşğul olan” hakim “Gürcü Arzusu” partiyasının rəsmilərinə və onların tərəfdarlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Məlumata görə, Nümayəndələr Palatasından sonra qanun layihəsi Senatda müzakirə edilməli və səsə qoyulmalıdır. Qanun layihəsi hər iki palatadan dəstək alarsa, imzalanması üçün ABŞ Prezidentinə göndəriləcək.

Xatırladaq ki, sənəd martın 27-də Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
1
missiya.az

2Mənbələr