Futbol üzrə İngiltərə millisinin və Almaniyanın “Bayern” klubunun mərkəz hücumçusu Harri Keyn karyerasındakı ilk qənimətindən danışıb.
Arena.az xatırladır ki, “Bayern” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.
Münhen təmsilçisi, çempionluq yarışında əsas rəqibi “Bayer”in Bundesliqanın 32-ci turunda “Frayburq”la səfər oyununda (2:2) xal itirməsi ilə, cari mövsümün Almaniya çempionu adını erkən surətdə bayram edib.
Münhen klubunun 31 yaşlı ingilis ulduzu Harri Keyn nəhayət “şeytannı qıçını sındıraraq”, futbolçu karyerasında ilk komanda qənimətini qazanıb.
Daha əvvəl sevincini kubok şəklində bircə emodzi ilə sosial şəbəkə hesabları üzərindən ifadə etmiş Keynin “dili açılıb”. Futbolçu, karyerasında ilk komanda qənimətini qazanmasından doğan duyğularını paylaşıb:
“Bu, nə gecə, bu, oyunçularla, heyətlə nə bayram idi… Mən əminəm ki, hamı azacıq özündə deyil, amma biz buradayıq.
Mən özümü fövqəladə hiss edirəm, biz buna doğru çox uzun müddət gedirdik. Bu, aydındır, israrlı əməyimizin bəhrəsidir, böyük fədakarlığımızın nəticəsidir. Mənə, karyeramdakı ilk qənimətimi qazanmaq sadəcə olaraq xoşdur.
Mən bütün dəstəyi qiymətləndirirəm. Elə, həmişə olduğu kimi, bu, heç zaman diqqətdən kənarda qalmır, mən isə növbəti iki həftənni səbirsizliklə intizarındayam. Mən Şənbə gününü səbirsizliklə gözləyirəm ki, “Alyans Arena”da olum və qalibiyyəti azarkeşlərimizin qarşısında qeyd edim”, – ESPN şəbəkəsi Keynin özünün sosial şəbəkə hesabları üzərindən yayımladığı videomüraciətindən sitat gətirir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 44 oyuna çıxıb, 36 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 89 oyun, 80 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Keyn 24 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 8 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.