AZ

Belarusun Baş naziri Füzulidə - Fotolar

Ölkəmizdə rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin bu gün Füzuli şəhərinə gəlib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Belarusun Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda Azərbaycanım Baş naziri Əli Əsədov qarşılayıb.

Qonağa hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var.

Aleksandr Turçin, həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə törədilən dağıntılar, rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq-tikinti işləri haqqında məlumatlandırılıb. Bildirilib ki, 30 illik işğal dövründə digər ərazilərimiz kimi, Füzuli şəhəri də talanıb, viran qoyulub. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən dərhal sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və artıq keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Yeni salınan şəhərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilib və təhsil ocağı 960 şagird yerlikdir.

Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının hədiyyəsidir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetirilir.

Sonra Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonuna yola düşüblər.





Seçilən
0
13
qafqazinfo.az

10Mənbələr