Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Komandamız 1 qızıl, 4 bürünc medal qazanıb
Azərbaycanda daha bir beynəlxalq yarış – bədii gimnastika üzrə Avropa kuboku turniri uğurla keçirilib. Ölkəmizdə ikinci dəfədir ki, təşkil edilən qitə oyunu yenə möhtəşəm performanslar, həyəcanlı və maraqlı anlarla yadda qalıb.
4 gün davam edən kubokda 25 ölkədən gimnastlar mübarizə aparıblar. Musiqili çıxışlar, xüsusi hazırlanmış rəqs kompozisiyaları, sürpriz fləşmoblar hər yaş qrupundan olan izləyicinin zövqünü oxşayıb. Bu kubokun özünəməxsusluğu qrup hərəkətləri komandaları arasında da çarpaz qarşılaşmaların keçirilməsi olub.
Yarışın 2-ci günündə ilk mükafatçılar sırasında Azərbaycan komandası da yer alıb. Böyüklər arasında qrup hərəkətlərində 3 top + 2 halqa şəklində çıxış edən Azərbaycan yığması parlaq nailiyyətə imza ataraq qızıl medal qazanıb. 5 lentlə hərəkətlərdə İtaliya fərqlənib. Həmin gün böyüklər arasında gürz və lentlərlə hərəkətlərdə Taisiia Onofriichuk (Ukrayna) hamıdan üstün olub. Topla yarışda Sofia Rafelli (İtaliya), halqalarla isə Taisiia Onofriichuk fərqlənib.
Mediaya açıqlama verən gimnast mövsümün ilk yarışında yüksək nəticə qazandıqları üçün xoşbəxt olduğunu deyib: “Milli Gimnastika Arenasında birinci olmaq və Azərbaycan Himnini səsləndirmək qürurverici hissdir. Hər birimiz bu yüksək mükafatı qazanmaq üçün gücümüzdən maksimum istifadə etdik. Komanda yoldaşlarımla fəxr edirəm”.
Yarışın üçüncü günündə gənclərdən ibarət qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Çoxnövçülük üzrə çıxış edən gənclərdən ibarət qrup hərəkətləri komandalarından Bolqarıstan ən yüksək nəticə göstərib. Bolqarıstan gənclər yaş kateqoriyasında fərdi proqram təsnifatı çərçivəsində də halqa, top, gürzlər və lentlə çıxışlarda komanda hesabında 1-ci yeri tutub.
Bolqarıstanlı gimnast Maqdalena Valkova açıqlamasında bildirib ki, ölkəsinə medalla qayıdacağı üçün çox sevinir: “Yarışa yaxşı hazırlaşdığımız üçün yüksək nəticə qazandıq. Hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Çıxış zamanı bir qədər həyəcan olsa da, səhvə yol vermədən istədiyimizi nümayiş etdirə bildik. Buraya çempionluq üçün gəlmişdik və onu əldə etdik”.
Çarpaz qarşılaşmalarda Azərbaycan komandası 3-cü yeri tutub. Bu kateqoriyada qalib Bolqarıstan olub. Gənclərdən ibarət qrup hərəkətləri komandamız ayrı-ayrı alətlər üzrə həm 5 halqa proqramında, həm də 5 cüt gürzlə çıxışda bürünc medal qazanıb.
Yarışın sonuncu günündə gənclər yaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən təmsilçimiz Şəms Ağahüseynova 3-cü yeri tutub.
Böyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastların çarpaz qarşılaşmalarında italiyalı Sofia Raffaeli qızıl medala layiq görülüb. Sofia yarışla bağlı təəssüratlarını bölüşərkən deyib: “Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda qələbə qazandığım üçün çox sevinirəm. Bu qələbə, Avropa çempionatında daha yaxşı çıxış etməyimə kömək edəcək.
Bundan əvvəl Milli Gimnastika Arenasında keçirilən Dünya kubokunda çoxnövçülük üzrə yarışda da 1-ci yeri tutan gimnast qeyd edib ki, öz üzərində bundan sonra da çalışacaq: “İnanıram ki, qələbələr bol olacaq”.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 170-dən çox gimnast iştirak edib.
L.QURBANOVAXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.