AZ

Zəngəzur dəhlizinin açılmasında maraqlar: “Ermənistan dalan dövlət kimi qalmaq istəyirsə…”

“”Araz yolu” layihəsi əhəmiyyətli bir layihədir. Belə ki üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Ermənistan məhz Mehri ərazisindən Naxçıvana gedən Zəngəzur dəhlizini açmalı idi. Rəsmi İrəvan prosesi əngəllədiyinə görə 2022-ci ilin mart ayında Azərbaycanla İran İran ərazisindən keçən yolla bağlı memourandum imzaladılar. Artıq işlər başlanıb. Körpü qısa zamanda hazır olacaq və avtomobil yolu da bu ərazidən keçməklə Zəngilan ərazisini Naxçıvanla birləşdirəcək. Körpünün ötürücülük qabiliyyəti kifayət qədər yüksəkdir. Gündə 1100 avtonəqliyyat vasitəsi bu körpünü keçəcək ki, bu da kifayət qədər böyük rəqəmdir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, gələcəkdə sözügedən ərazidən həm də dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub:

“Bu da artıq “Araz yolu” layihəsini dəhliz statusuna gətirir. Bu dəhliz Zəngəzur dəhlizinə paralel olsa da, ona alternativ kimi təqdim etmək doğru deyil. Çünki Azərbaycan hər iki dəhlizin açılmasında maraqlıdır. Çünki bizim əsas niyyətlərimizdən biri nəqliyyat-kommunikasiya dəhlizlərinin şaxələndirilməsidir ki, bu da risklərin kifayət qədər azaldılması anlamına gəlir. Bu baxımdan bir çox ekspertlər hesab edir ki, bu dəhliz işə düşdükdə Zəngəzur dəhlizinin əhəmiyyəti azala bilər. Bu məsələ daha çox Ermənistandan aslıdır. Ermənistan dalan dövlət kimi qalmaq istəyirsə, o zaman Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək ki, bu da onun özünə zərərdir. Zəngəzur dəhlizi açılarsa, bu həm Ermənistanın blokadadan çıxmasına, eyni zamanda tranzitdən də kifayət qədər ciddi məbləğlər əldə etməsinə səbəb ola bilər. Ermənistan bu şansı qaçırarsa, itirən özü olacaq”.

O.Qasımovun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlı və israrlıdır:

“Gələcəkdə bu dəhlizin açılması İranla hər hansı bir problem yarada bilməz. Dəhlizin fəaliyyətə başlamasında maraqlı olan tərəflər var. Çin, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan da öz maraqlarını önə çəkərək dəhlizi açsa, İranın bu prosesdə hansısa problem yaratması imkansızdır. Bu baxımdan hesab edirəm ki, danışıqlar diplomatiya yolu ilə həllini tapmalıdır. İranla danışıqlarda ciddi irəliləyiş var. Gələcəkdə də Ermənistanla bu istiqamətdə razılaşma olarsa, hesab etmirəm ki, İran bununla bağlı İrəvana təzyiq göstərsin. Çünki əslində bu dəhlizin İran ərazisindən keçməsinə Qərb ölkələri, başda ABŞ olmaqla maraqlı deyillər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr