AZ

Hindistan bəndi bağladı, Pakistanda su çatışmazlığı yarandı

BAKI, 6 may. TELEQRAF

Hindistanın Çinab çayı üzərindəki bənddən su axınını dayandırması Pakistanda ciddi su çatışmazlığına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Dünən çayın aşağı axınında yerləşən bənddən Pakistana verilən su 91 faiz azalıb. Bəndin bağlanması Pakistanın Pəncab əyalətinin kənd yerlərində suvarmada böyük rol oynayan su yolunun axınını faktiki olaraq dayandırıb.

Pakistan hökumətinin rəsmisi Məhəmməd Xalid İdris Rana “Bloomberg”ə bildirib ki, İslamabad Pəncabın kənd ərazilərinə su təchizatını beşdə bir azaltmağa məcbur olacaq. Rananın sözlərinə görə, Hindistan Pakistan üçün nəzərdə tutulan su ilə öz anbarlarını doldurur ki, bu da ona yay mövsümündə Çinab çayında yerləşən üç su elektrik stansiyasında elektrik enerjisi istehsalını artırmağa imkan verəcək. Bu, bu il kənd təsərrüfatı mövsümünün başlanğıcında Pakistanda 21 faiz su çatışmazlığına səbəb ola bilər.

Xatırladaq ki, Hindistan aprel ayında Kəşmirlə bağlı Pakistanla münasibətlərin gərginləşməsindən sonra sərhəd çaylarında suların istifadəsi ilə bağlı İslamabadla imzaladığı müqavilənin icrasını dayandırıb. Pakistan bu səbəbdən Hindistanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır.

Seçilən
0
teleqraf.com

1Mənbələr