AZ

Sosial şəbəkədə bitən siyasət...

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AXCP sədri Əli Kərimli bir atımlıq barıtı -mitinq çağırışı da boşa çıxandan, yəni heç bir ictimai dəstək qazanmadıqdan sonra yenidən köhnə şakərinə qayıdıb. 

Əvəllər olduğu kimi, yenə özünü kimlərəsə “müxalifətin lideri” kimi təqdim etmək yarışını davam etdirir. Uzun illərdir xalqı inandıra bilməyən “ana müxalifətin lideri” ölkəsində sözünün çəkisi olmasa da, ardınca gedənlərin sayı minimuma qədər azalsa da, sosial şəbəkələrdə yaydığı statuslarını müxtəlif saxta profillərlə özündən çox bəyənən olmasa da, xaricdə sözünün “ağırlığına” inandırmaq istədikləri hələ də var. 

Zaman-zaman onlara xitab etmək üçün yazı qaydasını da dəyişib, indi təkcə Azərbaycan dilində yazmır, çünki ana dildə yazdıqlarının bir zamanların məşhur deyimində olduğu kimi, biliyin anası olan təkrardan uzağa getmədiyini özü hər kəsdən daha yaxşı bilir. Ona görə də “dünyaya açılmaq” fikrinə düşüb. 

COP29 ərəfəsində Azərbaycana qarşı başladılan kampaniyanın tərkib hissəsi kimi Əli Kərimliyə də ingilis dilində yazdırmağı öyrədənlər, AXCP sədrinə bunun həmişə maraqlı və effektli olmayacağını öyrətməyi deyəsən, unudublar. 

Ya da xarici dildə yazdırmaq Əli Kərimlinin o qədər xoşuna gəlib ki, indi bunu hobbiyə çevirib. Bu dəfə bu hobbisindən “faydalanan” Əli Kərimlinin təbirincə desək, Gürcüstanın 5 ən populyar mətbuat orqanından biri olan "Qruziya online" qəzeti və və Ukraynanın nüfuzlu "Obozrevatel" saytı olub. 

Bu qəzet AXCP sədrinin yazısını "Azərbaycan müxalifətinin lideri gürcü xalqının azad seçki və avrointeqrasiya uğrunda mübarizəsini dəstəklədi" başlığı ilə dərc edib. Əli Kərimli bu yazısında gürcülərə demokratiya dərsi keçməkdən özünü saxlaya bilməyib, onlara öz təcrübəsindən mübarizə yollarını öyrədib. 

“Son aylar təəssüf hissilə müşahidə edirəm ki, Gürcüstan hökuməti də avtoritar idarəetmə yaratmaq və demokratik institutları sıradan çıxarmaq yolunu seçib”,-deyən Əli Kərimli buna misal kimi müstəqil televiziyaların, mətbuat orqanlarının fəaliyyətinə problemlər yaratmaq, sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin fəaliyyətinə çətinliklər yaratmaq və s. göstərir. 

Amma elə bu yerdə dönüb özündən soruşmur ki, əgər dedikləri mütləq həqiqətdirsə, məntiqlə gərək Əli Kərimlinin bu yazısı Gürcüstan mətbuatında yayılmayaydı. Amma yayılıb və Əli Kərimli ondan gen-bol nümunələr gətirirsə, deməli, heç də vəziyyət onun dediyi kimi, ancaq qara rəngdən ibarət deyil. 

İkincisi, Gürcüstanda da Azərbaycanda olduğu kimi, qanunvericiliyə uyğun olaraq seçki keçirilib, qalib və məğlub tərəf var. İndiki halda Əli Kərimlinin etdiyi canfəşanlıq “Roma Papasından artıq katolik olmaq”dan başqa bir şey deyil. Bunu isə nə Gürcüstanda, nə də Azərbaycanda istəyirlər. 

Əgər istəsəydilər, Əli Kərimlinin təkrar-təkrar dediyi fikirlərə dəstək verər, onu heç olmasa, sosial şəbəkədə dəstəkləyərdilər. Bunların heç biri olmadığına görə Əli Kərimli özü də sözünün çəkisindən, daha doğrusu, çəkisizliyindən xəbərdardır. 

Amma israrla heç bir çəkisi olmayan bu fikirləri tərkarlamaqdan usanmır, fərqli dillərdə eyni avazla oxumaqdan yorulmur, sanki hər dəfəsində “bir də bunu yoxlayım” düşüncəsinə qapılır. Siyasətdə keçən uzun illərin təcrübəsi göstərir ki, Əli Kərimli ancaq bunu bacarır - danışmaq, yazmaq, bəyənmək. 

Tez-tez “internetimi kəsirlər” hay-küyünə baxmayaraq, üçünü sosial şəbəkə üzərində bir arada aparmaq imkanından bol-bol yararlanan AXCP sədri üçün siyasət elə “Facebook”da başlayıb, “Facebook”da da bitir. Daha doğrusu, yaxın keçmişə qədər belə idi. İndi “mübarizə meydanı” bir az “böyüyüb”, “Facebook”-un yanına bir “X” də qoşulub. 

Əli Kərimli meydanının genişlənməsindən o qədər sevincək olub ki, “Sizləri “X” platformasında da məni izləməyə və ölkəmizdə demokratiya uğrunda apardığımız mübarizəni beynəlxalq aləmə təqdim etmək üçün bu platformanın imkanlarından daha səmərəli istifadəyə çağırıram”,-deyə müraciət də edib. Amma hələ də başa düşmək istəmir ki, harada, hansı dildə yazmağının mənası yoxdur, əsas özünə inandırmaqdır. Əli Kərimli isə o inamı heç vaxt qazana bilməyib... 

Süleyman Yusifov 

“Cebheinfo.az”

Açar sözlər:

AXCP Əli Kərimli "Facebook siyasətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr