AZ

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıxış edib. Rəsmi Tehran bu dəhliz vasitəsilə region ölkələri arasında ticarətin və yükdaşımaların sürətlənəcəyinə, yeni nəqliyyat yollarının iqtisadi əməkdaşlıq və geosiyasi əhəmiyyət baxımından mühüm rol oynayacağına inanır.


A.Tərfe eyni zamanda qeyd edib ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” üzrə sazişin imzalanması məsələsi də gündəmdədir. Bu təşəbbüs İranın regionda nəqliyyat şəbəkələrini genişləndirmək və qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirmək planlarının bir hissəsi kimi təqdim olunur.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur İbrahimli bu təşəbbüsün əsas geosiyasi və iqtisadi kontekstini izah edib.

 

O bildirib ki, bu təklif yeni deyil:

 

"Əslində bu təklif yeni deyil. Hələ 2000-ci illərin əvvəllərindən, xüsusilə də 2011-ci ildən etibarən İran, Azərbaycan və Kürdüstan bölgələrinin, həmçinin İranla bəzi Avropa ölkələrinin ticarətini asanlaşdıracaq və genişləndirəcək nəqliyyat dəhlizi ilə bağlı razılaşmalar əldə olunmuşdu. Lakin bu razılaşmaları praktikada həyata keçirmək mümkün olmadı. Bu, daha çox İran tərəfinin qeyri-müəyyən mövqeyi ilə bağlı idi. İran o vaxt bəyan etmişdi ki, bu yolun işləməsi və investisiyaların qoyulması üçün şərait və imkanlar məhduddur”.

 


Z.İbrahimli hazırkı geosiyasi vəziyyətin əvvəlkilərdən fərqləndiyini də vurğulayıb. Onun sözlərinə görə, indi daha əlverişli bir vəziyyət yaranıb:

 

"Artıq bu istiqamətdə marşrutlar dəyişir. Daha əlverişli və daha sabit marşrutların açılması daha vacib sayılır. COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi göstərdi ki, nəqliyyat yollarının şaxələndirilməsi artıq ölkələrin, xüsusən də ixrac yönümlü ölkələrin milli təhlükəsizlik siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib”.


Politoloq qeyd edib ki, bu prosesə İran da artıq aktiv şəkildə qoşulub. O xatırladıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi artıq geniş şəkildə istifadə olunur:

 

“Rusiyanın yatırdığı investisiyalar və Azərbaycanın təşəbbüsü ilə İranın şimal bölgələri birləşdirilərək yol infrastrukturu qurulub. Eyni zamanda, Azərbaycanla İran arasında ticarət həcmi artırılıb, anbarlar tikilib və infrastruktur əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da İran üçün yeni imkanlar açır”.


Ekspert hesab edir ki, bu tranzit marşrutunun reallaşması Ermənistanı regional nəqliyyat layihələrindən daha da təcrid edə bilər. Onun sözlərinə görə, bu marşrut Gürcüstan üçün də cazibədar ola bilər, baxmayaraq ki, bu ölkənin Qərbyönlü xarici siyasəti İranla əməkdaşlıqda müəyyən ehtiyatlılıq yaradır:

 

“İran bu vəziyyətdən əlverişli şəkildə istifadə etməyə çalışır. Həmçinin Gürcüstan marşrutunun açılması üçün də imkanlar daha yaxşıdır və bu ölkə üçün başlanğıc mövqeyi olduqca əlverişlidir”.


Politoloqun fikrincə, Azərbaycan üçün isə bu layihə həm tranzit ölkə statusunu möhkəmləndirmək, həm də regional iqtisadi və siyasi təsir imkanlarını artırmaq baxımından əhəmiyyətlidir:

 

"Son illərdə Azərbaycanın yol və logistika infrastrukturuna Türkiyə tərəfindən yatırılan sərmayələr də bu dəhlizin reallaşmasına əlavə dəstək verir.
Beləliklə, İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizi təşəbbüsü yeni geosiyasi reallıqlar fonunda bölgədə iqtisadi əlaqələrin dərinləşməsi və nəqliyyat xəritəsinin yenidən formalaşması baxımından mühüm layihə kimi qiymətləndirilə bilər. Bu marşrutun yaradılması Ermənistanın regional layihələrdən daha da təcrid olunması riskini artırmaqla yanaşı, Gürcüstanın strateji seçimləri qarşısında yeni dilemmanın yaranmasına səbəb ola bilər".

 

Bəsti Rəfizadə
Sfera.az

Seçilən
0
1
sfera.az

2Mənbələr