Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Elm üçün Avropanı seçin” adlı konfransdakı çıxışında Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın siyasətindən narazı olan amerikalı alimlərin Avropaya köçməsini təklif edib. “İqtisadi modeli azad elmə və innovasiyaya bu qədər əsaslanan bu böyük demokratiyanın belə bir səhvə yol verəcəyini heç kim təsəvvür edə bilməzdi. Azadlığı sevirsinizsə, gəlin və araşdırmaları burada aparın. Paris “Fransa 2030” investisiya proqramı çərçivəsində alimləri cəlb etmək üçün 100 milyon avro ayıracaq”, - Makron deyib. Hələ Makronun çıxışından əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) aparıcı elm adamlarının Avropaya köçməsini asanlaşdırmağa və cəlb etməyə çalışdığını açıqlamışdı. Onun sözlərinə görə, Avropanı “tədqiqatçılar üçün maqnitə” çevirmək naminə 2025-2027-ci illərdə Aİ “stimul paketi”nə 500 milyon avro ayıracaq. - Mən hesab edirəm ki, elm burada, Avropada gələcəyimizin açarıdır. Onsuz biz bugünkü qlobal çağırışların - səhiyyədən tutmuş yeni texnologiyalara, iqlimdən okeanlara qədər - öhdəsindən gələ bilmərik. Ona görə də, biz elmi həmişəkindən daha çox qorumalıyıq”, - AK-nin rəhbəri vurğulayıb. Ursula fon der Lyayen bildirib ki, Aİ rəsmiləri ən yaxşı tədqiqatçılara daha uzunmüddətli perspektiv təklif etmək üçün Avropa Tədqiqat Şurası daxilində yeni yeddi illik “super-qrant” yaratmaq niyyətindədir. “Avropa Tədqiqat Şurası sayəsində biz artıq Avropaya köçən tədqiqatçılara təqaüdlərinə əlavə pullar verməklə onları dəstəkləyirik. Onların bu il ala biləcəkləri məbləği ikiqat artırırıq. Mən bu dəstəyi 2026 və 2027-ci ilə qədər uzatmaq istəyirəm”, - xanım Lyayen söyləyib. Paster Tədqiqat İnstitutunun rəhbəri Yasmin Belkeyd mart ayında “La Tribune Dimanche” nəşrinə verdiyi açıqlamada, ABŞ-də işləyən və evə qayıtmaq istəyən avropalı tədqiqatçıların, həmçinin artıq sərbəst şəkildə orada işləməyə davam edə biləcəklərinə əmin olmayan amerikalı alimlərin hər gün onunla əlaqə saxladıqlarını demişdi. Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich) və Almaniyanın ən böyük “Helmholtz Birliyi” tədqiqat təşkilatı da daxil olmaqla, Avropanın digər aparıcı tədqiqat qurumları da ABŞ-də çalışan elm adamlarından artan müraciətlər aldıqlarını bildiriblər. “Nature” jurnalının mart ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 75%-i (1200-dən çox alim) ABŞ-ni tərk etmək barədə düşündüyünü deyib. Hara köçə biləcəkləri ilə bağlı əsas seçimlər arasında sorğu iştirakçıları Kanadanı və Avropa ölkələrini göstəriblər.
Sahil İsgəndərov
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.