AZ

Dekotininin “azadlıq vadisi”

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Ermənistan üçün illüziya şarı

Fransa səfiri Olivye Dekotini Ermənistanı, obrazlı desək, şar kimi doldurmaqla məşğuldur. Belə təəssürat yaranır ki, o, rəsmi Parisin təmsilçisi yox, İrəvanın hansısa unudulmuş məhəlləsinin blogeridir və yaşadığı balaca ərazini durmadan reklam edir.

Səfirin təəssübkeşliyi o qədər böyükdür ki, ən xırda detalları da uşaq kimi sevincək diqqətə çatdırır.

Hesab edirik ki, bütün bu sayaq “xidmətlərinə” görə Dekotiniyə diplomatik missiyasını başa vurduqdan sonra Ermənistanda jek müdiri, yaxud onun müavini vəzifəsi verilə bilər. Həm də ona görə ki, prezident Emmanuel Makronun erməni təəssübünü bütün dəyərlərə qurban verməyə hazır komandası iqtidardan getsə, hakimiyyətə ağlı başında olan biri gəlsə, hər kəlməsindən sabun köpüyü tökülən Dekotiniyə Fransanın hətta ümumi hamamlarında da iş tapılmayacaq.

Əlqərəz, O.Dekotini “Sərhədsiz reportyorlar” Təşkilatının mətbuat azadlığı indeksindəki 34-cü yerə görə Ermənistanı möhkəm tərifləyib. Sən demə, ölkə proqres yolunda irəliləməyə davam edirmiş. Ən əsası isə guya, Ermənistan Cənubi Qafqazda azadlıq vadisi imiş. “Ermənistanı müdafiə etməklə biz dəyərlərimizi bölüşən demokratiyanı müdafiə etmiş oluruq”, – deyən səfir, deyəsən, barıtı çox edir.

Əvvəla, onu bildirək ki, 1985-ci ildə Fransada yaradılmış və hazırda mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” Təşkilatının sponsorları sırasında Avropa ölkələrinin dövlət qurumları və beynəlxalq təşkilatlar yer alır. O Avropa ölkələri ki, Yelisey sarayının buyruğu ilə hərəkət edirlər. Deməli, pulun nə üçün xərcləndiyi aydındır.

“Sərhədsiz reportyorlar” “Köhnə qitə”nin Avropa Şurası, Avropa Parlamenti kimi strukturlarının “onlardan olmayanlara” qarşı təzyiq məntiqinin media tərəfini gündəmdə saxlamaq məqsədini güdür. Yəni, təşkilatın obyektivliyi yoxdur və heç vaxt olmayıb da. Azərbaycana qarşı qeyri-obyektiv münasibət isə bir növ, norma halını alıb.

Bəli, “Sərhədsiz reportyorlar” həmişə Azərbaycana yarıtmaz mövqedən yanaşıb. Bu mövqe təşkilatın illik hesabatlarından da görünür. Ölkəmiz, bir qayda olaraq, mətbuat azadlığı indeksinə görə son yerlərdə qərarlaşır. Daha doğrusu, qərarlaşdırılır. Əvəzində Ermənistanda söz, ifadə və mətbuat azadlığı, sanki, göylərdə oynayır. Dekotini mövcud “yüksək amplitudaya” “azadlıq vadisi” donunu geydiribsə, deməli, ermənipərəstlik mərəzi daha təsirli simptomlara malikdir.

Suallar yaranır: Hər şeyi bir kənara qoyaq, ölkəsinin ermənipərəst mövqe tutmasından asılı olmayaraq, bir fransız nə qədər ciddi kəllə-beyin zədəsi almalıdır ki, Ermənistana “azadlıq vadisi” desin? Görəsən, Fransa beləmi dəhşətli durumdadır ki, ölkənin diplomatı haylara qibtə ilə yanaşır, ucuz populizmə baş vurur? Əslində, bu kimi suallar yetərincə çoxdur və mövcud fonda “Sərhədsiz reportyorlar”ın Azərbaycan və Ermənistanla bağlı hesabatlarının konkret müqayisəli təhlili aparılmalı, qurumun münasibətini hansı standartlar və meyarlarla müəyyənləşdirib qərara gəldiyi öyrənilməlidir. Hərçənd, buna bir o qədər ehtiyac duyulmur. Çünki əsas niyyətdir.

Söz, mətbuat və ifadə azadlığı ilə bağlı spekulyasiya yolu tutan “Sərhədsiz reportyorlar”ın niyyəti, yumşaq desək, yanlışdır. Səfir Dekotininin bildirdikləri də yanlışlığa əlahiddə obraz qazandırmaqdır. Axı Ermənistan mətbuat azadlığı indeksinə görə, 180 ölkə arasında 34-cü yerdə “qərarlaşırsa”, bu, bəşəri dəyərlərlə manipulyasiyanın necə eybəcər və iyrənc duruma gəldiyini göstərir. Tam aydındır ki, nəticə sırf siyasi məqsədlərdən qaynaqlanır.

O da tam aydındır ki, Fransanın təsiri altında olan “Sərhədsiz reportyorlar” rəsmi Parisin Cənubi Qafqazla bağlı Ermənistan üzərindən qurduğu qlobal oyunların lobbiçiliyini aparır. Digər tərəfdən, Dekotininin “azadlıq vadisi” məntiqi illüziya dəstəyindən başqa bir şey deyil və bu dəstək ölkənin “demokratiya qalası” təqdimatından qaynaqlanır. Belə sərsəm təqdimatlar isə indinin söhbəti deyil.

Yada salaq ki, baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra özünü demokratiyanın qladiatoru obrazında görmüşdü. Bu obraz ona Azərbaycanla danışıqlar prosesini pozmaq naminə dividend gətirmişdi. Nikol həvəslənib bildirmişdi ki, “avtoritar Azərbaycan” demokratik Ermənistanla bir masa ətrafına keçməyə layiq deyil.

Paşinyanın cəfəng yanaşmasının sonda ölkəsi üçün hansı acınacaqlı mənzərə formalaşdırdığını gördük. Ermənistan 44 günlük müharibədə rüsvayçılıq yaşadı, Nikol gülünc günə qaldı. Hazırda isə İrəvan sülhdən yayınır, sürətli silahlanma yolunu tutur və yenə Nikolun tərəfdarları ölkələrinin “demokratiya qalası”, Dekotininin təbirincə desək, “azadlıq vadisi” təqdimatlarından həvəslənir və hesab edirlər ki, Azərbaycan qarşısında üstünlük qazanacaqlar.

Sonda iki məqamın üzərində dayanaq. Yaxın keçmişin acı təcrübəsinə əsasən Ermənistanda artıq belə rəy formalaşıb ki, Fransanın, yaxud onun ayrı-ayrı peyklərinin sözlü dəstək ritorikaları ölkəyə ancaq ziyan vurur. Paşinyan hakimiyyəti belə dəstək “nümunələrindən” həvəslənib hayların illüziya bataqlığındakı yerini dərinləşdirir. Yəni, Dekotininin Ermənistanı tərifləməsi də yalnız bu mərama xidmət edir. Üzərində ikinci dayanacağımız məqam da birincinin davamıdır.

Əvvəldə fransız səfirin Ermənistanı şar kimi doldurduğunu vurğuladıq. Onu da bildirək ki, Dekotini bu ampluada hərəkətini bilməyən uşağa bənzəyir. O uşağa ki, şarı doldurub partlamaq həddinə çatdırır və şar partladıqdan sonra oturub ağlayır. Fransa da istər 44 günlük müharibə dönəmində, istərsə də ondan sonra Ermənistan üçün ancaq ağlamaqla məşğuldur. Hesab edirik ki, bu “uşaq”, indiki halda səfir Dekotini “şarı üfürməyinə” diqqət etməlidir. Çünki hazırda baş verəcək partlayışın əvvəlkilərdən daha böyük miqyaslı olması ehtimalı böyükdür. Özü də çox böyük.

Ə.CAHANGİROĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr