Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. İndiyə qədər dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, assosiasiyalar, qeyri-hökumət təşkilatlarının iştirakı ilə əhalinin həssas hədəf qrupları üçün bir-çox maarifləndirmə, təbliğat və təşviqat layihələri uğurla icra olunub. Bu layihələr sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində insanların məlumatlılıq səviyyəsini artırmağa, düzgün qida vərdişlərini təşviq etməyə, rasional və sağlam qidalanmanın önəmini çatdırmağa, ümumilikdə cəmiyyəti maarifləndirməyə yönəlib. Layihələr zamanı hədəf qruplarına uyğun olaraq müxtəlif yanaşmalar, kommunikasiya vasitələri və mesajlardan istifadə olunub. Sevindirici hal odur ki, layihələr həm uğurla icra olunub, həm də istehlakçılar tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev "Möcüzə qida - ana südü" mövzusunda konfransda çıxış edərkən deyib.
R.Nəbiyev bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbirinin Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə həyata keçirilən "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır: "Elmi əsaslarla sübut olunub ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir. Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplaşmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir".
R.Nəbiyev qeyd edib ki, layihə çərçivəsində seçilən ilk mövzu “Ana südü”dür: "Dünyanın aparıcı səhiyyə təşkilatları tərəfindən körpəni ilk 6 ayında yalnız ana südü ilə qidalandırmaq tövsiyə olunur və bu, səbəbsiz deyil. Ana südü körpənin fiziki və zehni inkişafında mühüm rol oynayır", - deyə sədr müavini vurğulayıb.