AZ

ABŞ fond bazarlarında eniş müşahidə olunub

Finss.az – ABŞ fond indeksləri həftənin ilk ticarət gününü azalma ilə başa vurub.

Bazar iştirakçıları Vaşinqtonun gömrük siyasətinə dair açıqlamalarını və iri şirkətlərin rüblük hesabatlarını qiymətləndirərkən ehtiyatlı mövqe sərgiləyiblər.

ABŞ prezidenti Donald Tramp Çinin ticarət razılaşmasında maraqlı olduğunu desə də, Çin lideri Si Cinpinlə bu həftə görüş planlaşdırmadığını açıqlayıb. Bununla yanaşı, Tramp Çin məhsullarına tətbiq edilən tariflərin azaldıla biləcəyini istisna etməyib.

Hazırda investorların diqqəti Federal Ehtiyat Sisteminin (FED) çərşənbə günü başa çatacaq iki günlük iclasına yönəlib. Faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı tənzimləyicinin verəcəyi mesajlar xüsusilə önəm daşıyır. Tramp güclü əmək bazarı göstəricilərinə istinad edərək FED-i yenidən dərəcəni azaltmağa çağırıb, lakin bazar analitikləri dərəcənin 4,25–4,5% səviyyəsində qalacağını proqnozlaşdırır.

İqtisadi göstəricilərdən biri olan ISM xidmət sektoru indeksi aprel ayında 51,6 bəndə yüksəlib – bu da biznes aktivliyinin artdığını göstərir.

Texnologiya və media sektorları zərbə aldı

Trampın xarici istehsal olunmuş kinoproduksiyaya 100% tarif tətbiq etmək niyyəti media şirkətlərinin səhmlərinə mənfi təsir göstərib. NetflixAmazon 1,9%, Disney 0,4%, Warner Bros. Discovery isə 2% dəyər itirib. Texnoloji nəhənglər də enişlə yadda qalıb: Apple (-3,2%), Tesla (-2,4%), Nvidia (-0,6%).

Əlavə olaraq, Sunoco LP səhmləri 5,8% ucuzlaşıb – bu, şirkətin Kanadanın Parkland Corp.-unu 9,1 milyard dollara almaq barədə razılaşmasından sonra baş verib.

Əksinə, Skechers səhmləri 24,4% bahalaşıb. Ayaqqabı istehsalçısının 3G Capital investisiya şirkətindən 8,2 milyard dollarlıq təklif qəbul etdiyi bildirilib.

Dow Jones indeksi 0,24% azalaraq 41 218,83 bəndə, S&P 500 0,64% enərək 5650,38 bəndə, Nasdaq Composite isə 0,74% azalma ilə 17 844,22 bəndə düşüb.

Seçilən
0
fins.az

1Mənbələr