AZ

Sülh sazişinin imzalanması ilə məsələ yekunlaşmayacaq - ŞƏRH

"Ermənistanla Azərbaycan arasında sərhəd 1007 kilometr uzunluğundadır. Bu sərhədin delimitasiya və demarkasiya prosesi isə, məlum olduğu kimi, mürəkkəb və zaman alan bir məsələdir. Hazırda baş nazirlərin müavinləri səviyyəsində təyin edilmiş nümayəndələrin rəhbərliyi ilə fəaliyyət göstərən delimitasiya və demarkasiya komissiyası öz işini davam etdirir. İndiyə qədər 14 kilometrlik sərhəd sahəsində bu proses həyata keçirilib". 



Bu sözləri Manset.az-a açəqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

O bildirib ki, komissiyalar mütəmadi olaraq toplanır və proseslə bağlı rəsmi bəyanatlar verilir:

"Əsas məqam ondan ibarətdir ki, son mərhələdə Gürcüstan, Azərbaycan və Ermənistan sərhədində yerləşən bir nöqtədən başlayaraq İran istiqamətinə qədər olan bütün sərhəd boyunca delimitasiya və demarkasiya aparılması nəzərdə tutulur. Bu, ilk dəfə səsləndirilmir – daha əvvəl dəfələrlə bu barədə açıqlamalar verilib.

Bu məsələdə tərəfimizdən ciddi fikir ayrılığı mövcud deyil. Söhbət sadəcə tarixi ərazilərdən gedir. Ermənistan tərəfi isə, təəssüf ki, xüsusilə Kəlbəcər istiqamətində, öz xeyrinə dəyişikliklər etmək niyyəti ilə uzun illər davam edən yanlış yanaşmalarını davam etdirir. Mövcud şəraitdəki yaxınlaşmalar Ermənistan üçün müəyyən çətinliklər yarada bilər. Bununla belə, burada nə Azərbaycan üçün narahatlıq doğuracaq, nə də onu təhdid edəcək hər hansı bir məsələ mövcuddur".

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan tərəfi istənilən prosesə və addıma hazırdır.

"Bu yalnız sülh sazişinin imzalanması ilə məhdudlaşmır. Digər sözlə, delimitasiya və demarkasiya prosesi sülhün təmin olunmasında mühüm rol oynaya bilər. Lakin bizim əsas təklifimiz ondan ibarətdir ki, gələcəkdə heç bir problem yaranmaması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli, Azərbaycan ərazilərinə iddialardan tamamilə imtina edilməli, sərhədlərdə digər dövlətlərin nümayəndələrinin, xüsusilə də Avropa qurumları adı altında fəaliyyət göstərən Fransa təmsilçilərinin iştirakı aradan qaldırılmalıdır. Bu, prosesin əsas hissəsidir.

Hazırda delimitasiya və demarkasiya prosesində ciddi bir problem yaşanmır. Lakin bu, o demək deyil ki, sülh sazişinin imzalanması ilə bütün məsələlər yekunlaşacaq. Proses uzunmüddətli xarakter daşıya bilər. Əsas məsələ, qeyd etdiyim kimi, Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi və yalnız bundan sonra delimitasiya və demarkasiya işlərinin davam etdirilməsidir".


Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya proseslərini davam etdirir və hazırda heç bir fikir ayrılığı yoxdur.

Seyranə Quliyeva

Seçilən
0
1
manset.az

2Mənbələr