AZ

Tramp və Erdoğan Ukraynada əməkdaşlığa hazırdır - Beynəlxalq media

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın prezidenti Donald Trampın telefon danışığı dünya mediasında geniş yer alıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan və Tramp arasında baş tutan telefon danışığı dünya mətbuatında diqqət çəkib. Görüşdə ikitərəfli münasibətlər, Suriya, Qəzza və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Görüşdən sonra beynəlxalq media Türkiyə və ABŞ-ın bir çox qlobal məsələdə ortaq mövqelərə malik olduğunu qeyd edib. İsrail və Yunanıstan mediası da dialoqun bölgəyə təsirinə dair şərhlər verib. Prezident ərdoğan, Trampı Türkiyəyə dəvət edib, əgər səfər baş tutmasa, özünün də ABŞ-a gedə biləcəyini bildirib.

Yunanistanın “Kathimerini” qəzeti Trampın Türkiyə ilə əməkdaşlığı davam etdirmək istədiyini və Ukraynadakı münaqişənin həlli üçün Ankara ilə işləməyə hazır olduğunu yazıb. Suriya və Qəzzadakı son proseslərin də əsas gündəm mövzuları olduğu bildirilib.

İsrailin “Times of Israel” nəşri Trampın Türkiyənin Suriya üzərində artan təsirini qəbul etdiyini vurğulayıb və İsrail hökumətinin bu vəziyyətdən narahat olduğunu qeyd edib.

ABŞ-ın “Fox News” kanalı Tramp-Ərdoğan görüşünü “müsbət və məhsuldar” olaraq dəyərləndirib və tərəflərin Ukrayna münaqişəsinin sonlandırılması üçün əməkdaşlıq edəcəyini bildirib.

“Bloomberg” agentliyi isə iki liderin Ukrayna münaqişəsinin həlli üçün birlikdə işləmək niyyətində olduğunu yazıb, Ərdoğan-Tramp qarşılıqlı səfərlərinin gündəmdə olduğunu vurğulayıb.

Qətər mərkəzli “Al Jazeera” Ərdoğanın Suriya ərazi bütövlüyünü qorumaqda qərarlı olduğunu və bölgədə davamlı sabitlik üçün səy göstərdiyini qeyd edib.

“Moscow Times” isə Trampın Ukrayna müharibəsini sona çatdırmaq üçün Ərdoğanın dəstəyini önəmli hesab etdiyini bildirib və Türkiyənin tərəflər arasında vasitəçi rolunu xatırladıb.

Seçilən
0
turkic.world

1Mənbələr