Milli Ordunun polkovniki olaraq Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsində fəal iştirak edən Qulu Sübhi 1945-ci il noyabrın 20-dən dekabrın 14-nə qədər Marağa nahiyəsinə daxil olan Miyandoabı nəzarət altına alıb.
O, 1945-ci il dekabrın 12-də "21 Azər" hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin vəkili seçilib.
1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti İran şahlıq rejimi tərəfindən devrildi, şah qoşunları Azərbaycan işğal etdi. 20 min nəfərdən çox adam ya dar ağacına çəkildi, ya da güllələndi. Onların arasında polkovnik Qulu Sübhi Nuri də var idi.
Onun dar ağacından asılması səhnəsi barədə yazılır ki, ipi boğazına keçirən əsgərə bir anlıq dayanmağı xahiş edərək bu sözləri deyir: "Bu bərbad bina uzun müddət dayanmayacaq. Belə qanlı idarəçilik üsulları əbədi davam edə bilməz".
Ona söz demək haqqı verən əsgərə qəzəblənən İran zabiti dərhal ayağının altındakı kətili vurur. Boğazında ip bir anlıq salanan Qulu Sübhinin nəfəsi kəsilir, lakin ip qırılır və o üzü üstə yıxılır. Bunu bir anlıq şans hesab edən polkovnik "Cəlladlar! İndi sözlərimə inanırsınızmı?! Dar ağacınızdakı ip də çürükdür. Vətən, sən mənim Anamsan. Əbədi yaşa, Azərbaycan!" deyir.
Lakin əsgərlər onu qaldırır və yenidən asırlar. Son nəfəsində "Azərbaycan" deyərək canın tapşırır.
Deyilənə görə, polkvonik Qulu Sübhi məhşur azərbaycanlı müğənni Ququşun babasıdır.