ain.az, Sia Az portalına istinadən məlumat verir.
“Evlənərkən ayrı yaşamaq məsuliyyətdən qaçmaqdır? Bu sualın cavabı cəmiyyətin və ailələrin dəyərlərinə görə dəyişə bilər. Amma psixoloji baxımdan yanaşsaq, evləndikdən sonra cütlüyün ayrıca evdə yaşaması daha çox məsuliyyəti öz üzərinə götürmək deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Çünki ayrı yaşamaq o deməkdir ki, artıq gənc ailə maddi, mənəvi və sosial olaraq öz həyatına özü cavabdeh olur. Onlar gündəlik xərcləri idarə etməli, evin qayğısını çəkməli, birgə qərarlar qəbul etməli və ortaya çıxan hər hansı problemi valideyn dəstəyi olmadan birlikdə həll etməlidirlər. Bu isə həm qadın, həm də kişinin psixoloji olaraq böyüməsinə, münasibətlərinin möhkəmlənməsinə və bir-birini daha dərindən tanımalarına şərait yaradır.
Əks halda, valideynlərlə birgə yaşamaq bəzən cütlüyün münasibətinə mənfi təsir edə bilər. Çünki ailəyə üçüncü şəxslərin müdaxiləsi olduqda, cütlük arasında sərhədlər pozulur və bu, münaqişələrin artmasına səbəb ola bilər. Təbii ki, bəzi hallarda valideynlərlə yaşamaq da müsbət nəticə verə bilər – əgər ailə münasibətləri hörmət və anlayış üzərində qurulubsa, şəxsi sərhədlərə riayət olunursa. Lakin bu çox incə və balanslı bir prosesdir. Nəticə olaraq deyə bilərik ki, evləndikdən sonra ayrı yaşamaq məsuliyyətdən qaçmaq deyil, əksinə, artıq bir ailə olaraq ayaqda durmağa çalışmaq, qərarları birlikdə vermək və həyatın bütün çətinliklərini bir yerdə aşmaq deməkdir. Bu, həm də cütlüyün bir-birinə qarşı daha güclü bağlar qurmasına kömək edir”.
Ayşən Vəli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.