33 il bundan öncə – 1992-ci ilin may ayı... Mayın 8-i və 18-i... Şuşa və Laçının qətl günləri, işğal tarixləri.
Və düz 33 il sonra – 2025-ci ilin mayın 5-də Bakı Hərbi məhkəməsində nümayiş etdirilən videogörüntülər.
1992-ci ilin mayın 18-də və 1993-cü ilin aprelində ermənilərin özləri tərəfindən tərəfindən lentə alınmış həmin videogörüntülər mahiyyət etibarilə olduqca qiymətli, unikal kadrlardır. Çünki bu videokadrlar həm 2008-2018-ci illərdə Ermənistanın prezidenti olmuş Xocalı qatili Serj Sərkisyanın torpaqlarımızın işğalı prosesində birbaşa iştirakını isbatlayır, ortaya qoyur, həm də bu gün Bakı Hərbi Məhkəməsinin iclas zalında “quzu dərisinə bürünmüş” erməni separatçılarının 1992/93-cü illərdəki amansız davranışlarını indi bir-bir onların üzlərinə çırpır.
Budur, 1992-ci ilin mayın 18-də çəkilmiş həmin videogörüntülərdə fiksə olunmuş erməni amansızlıqlarının, barbarlıqlarının bir anı. Görüntülərdə Laçın rayonunda yandırılan evlər və bu prosesdə iştirak edən erməni hərbçilər əksini tapıb. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır”, – deyərək yanan evlərdən birini göstərir.
Digər videonun “baş qəhrəman”ları isə Serj Sərkisyan, Birinci Qarabağ müharibəsi zamanı hərbçilərimiz tərəfindən gəbərdilmiş qaniçən terrorçu Monte Melkonyan və hazırda Bakıda müttəhimlər skamyasında əyləşən separatçı quldurlardan biri – Davit İşxanyandır.
Gəlin həmin videogörüntülərin təqdimatı ilə bağlı məhkəmənin stenoqramına birlikdə nəzər salaq:
“Erməni dilindəki videomaterialın tərcüməçi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sərkisyan hərbi bölmələri yoxlamağa gəlibmiş.
Videogörüntülərdə Monte Melkonyan Serj Sərkisyan a məruzə edir. Sərkisyan ona “Söhbət bu dəqiqə atəşi dayandırmaqdan yox, hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir”, – deyə bildirir.
Videomaterialda sonra əraziyə baxış keçirilir, Sərkisyan həmin vaxt 28-ci Xocavənd taborunun komandiri İşxanyanla söhbət edir. İşxanyan ona Ağdamın və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.
Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Sonra isə Serj Sərkisyan əsgərlərlə bir qədər söhbət edir.
Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs Davit İşxanyana məhkəmədə nümayiş olunmuş videomaterialla bağlı suallar ünvanlayıblar.
İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və Sərkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyərək bildirib: “Mənim taboruma gəlmişdilər. Taborun mövqelərindəki vəziyyətlə tanış olurdular”.
O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: “Serj Sərkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi – red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır.
Videoda arxada duran sürücüdür. Dəqiq yadımda deyil, Movses Akopyanın və ya Monte Melkonyanın sürücüsü idi”.
Davit İşxanyan suallara cavabında Serj Sərkisyanın “daha çox ərazi tutmaq”la bağlı dediklərinə belə münasibət bildirərək qeyd edib: “Mən Sərkisyanın dediklərini şərh edə bilmərəm”.
Təqsirləndirilən şəxs İşxanyan komandiri olduğu tabor üçün təminatın “Xocavənd müdafiə rayonu”nun qərargahından gəldiyini bildirib.
İşxanyan komandiri olduğu taborun 1993-cü ilin iyul-avqust aylarında Ağdam istiqamətlərində döyüş əməliyyatlarında iştirak etdiyini də vurğulayıb”.
Bu videogörüntülərin mühümlüyü və unikallığı həm də ondadır ki, peşəkar hüquqşünasların diliylə desək, bu görüntülər çılpaq faktlardır. Ona görə də bu faktları nə Serj Sərkisyan və onun vandal soydaşları dana bilməz, nədəki bu gün separatçıların Bakıda davam edən məhkəməsini “məhkəmə yox, qurma proses” adlandıran, separatçı caniləri isə “girov, hərbi əsir” kimi təqdim edən ermənipərəst “beynəlxalq hüquq müdafiəçiləri” 33 il öncə ermənilərin özlərinin lentə aldıqları bu videogörüntülərin qarşısında aciz duruma düşəcək, dillərini dinməz yerlərinə qoyub susmalı olacaqlar.
P.S. Azərbaycan xalqına qənim kəsilmiş erməni faşistləri 33 il öncə bu görüntüləri lentə almaqla, əslində, öz əlləri bugünkü talelərinin hökmünü veriblər. Gün gələcək, bu görüntülər “Azərbaycanın Nürnberqi” adlandırılan Bakı Hərbi Məhkəməsinin müttəhimlər köşəsində Serj Sərkisyanın, Robert Köçəryanın, Seyran Ohanyanın və digər nasist “yan”ların da üzlərinə çırpılacaq.
P.P.S. “Azərbaycanın Nürnberqi” ermənilər üçün nadir fürsət və “soyuq düş”dur. Ermənilər məhz bu məhkəmənin sayəsində Aşot (irqçi, faşist) olmağın faciəsini dərk edə və öz düşüncə tərzlərini, dünyagörüşlərini dəyişməyə başlaya bilərlər.
(ardı var)