ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
2025-ci il - “Konstitusiya və Suverenlik İli”ndə və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dahi şəxsiyyətin həyat və fəaliyyətinin konstitusiya və suveren dövlət anlayışı ilə bağlı cəhətləri diqqəti xüsusi cəlb edir. Aydındır ki, Azərbaycanda müstəqil hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin bir-birinə zidd, fərqli tarixi mərhələlərdə keçməsinə baxmayaraq, həm sovet hakimiyyəti illərində, həm də müstəqil dövlətçilik dövründə Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin mərhələləri arasında heyrətamiz bir bağlılıq da vardır.
Bu baxımdan ümummilli liderin dövlətçilik təliminin bir çox istiqamətləri onun siyasi fəaliyyətinin hər iki dövrü ilə üzvi şəkildə bağlıdır. Başqa sözlə, Heydər Əliyev nəhəng siyasi xadim kimi həm sovet hakimiyyəti illərində də Azərbaycanda, totalitar sovet rejimində mümkün olan ən yüksək səviyyədə, dövlət quruculuğunun bütün cəhətlərinə özünün novator imzasını atmışdır. Bu imza özünü müasir terminologiya ilə ifadə etsək, hüquqi dövlətin yaradılması, qanunun aliliyi, konstitusionalizm haqqında Heydər Əliyevin ideyalarında da özünün varisliyini qoruyub saxlamışdır.
Tarix yaddaşında yaxşı saxlamışdır ki, 1969-cu il iyulun 14-də ilk dəfə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyev cəmi bir ay sonra o zaman respublikada hakimiyyətin ən yüksək eşalonundan tutmuş ən aşağılaradək geniş yayılmış cinayətkarlığını bir çox təzahürlərinə, o cümlədən, rüşvətxorluq, korrupsiya, fırıldaqçılıq, möhtəkirlik kimi naqis hallara qarşı sözün əsl mənasında müharibə elan etmişdi. Bu baxımdan Ulu Öndərin siyasi irsinin mühüm bir mərhələsinin yekunu kimi olan “Literaturnaya qazeta”ya “Qoy ədalət zəfər çalsın...” devizi altında verdiyi müsahibə əlamətdar idi. Hələ sovet hakimiyyəti dövründə Heydər Əliyev cəmiyyətdə hüququn aliliyi ideyasına münasibətini belə ifadə etmişdi: “Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin - özü də hamı tərəfindən və hər yerdə”.
Hüquqi dövlət - qanunun aliliyinin, hamının qanun qarşısında bərabərliyinin və məhkəmələrin müstəqilliyinin, insan hüquq və azadlıqlarının tanındığı və təmin olunduğu, dövlət hakimiyyətinin əsasında hakimiyyətin bölünməsi prinsipinin dayandığı dövlətdir. Bu baxımdan, Ulu Öndər əsas insan hüquq və azadlıqlarının qorunmasını, siyasi plüralizmi, çoxpartiyalı sistemi, sivilizasiyalı vətəndaş cəmiyyəti quruculuğunu Azərbaycan dövlətinin əsas prinsipləri, demokratik, hüququn aliliyinin tam təmin edildiyi cəmiyyət yaradılmasının əsas şərtləri elan edirdi.
Şübhəsiz, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində 1995-ci il noyabrın 12-də müstəqillik dövrü Konstitusiyasının müstəsna əhəmiyyəti vardır. Məhz bu ali hüquqi sənədlə müasir müstəqil, demokratik milli dövlətin bütün zəruri əsasları yaradıldı. Ölkəmizdə hakimiyyətin bölünməsi, əsas insan və vətəndaş hüquq və azadlıqları, onların təminatı sistemi təsbit edildi, qanunun aliliyi bərqərar oldu. Konstitusiyanın qəbulundan sonra Ümummilli Llider hüquqi dövlət quruculuğunu dövlətin, onun başçısının, yaxud da hansısa hakimiyyət qolunun deyil, bütövlükdə cəmiyyətin hamılıqla iştirak edəcəyi böyük bir proses sayaraq deyirdi: “Hər bir şəxs konstitusiyaya, qanunlara dönmədən əməl etməlidir, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Nəzərə alsaq ki, tarixən konstitusionalizm ideologiya və nəzəriyyə olaraq konstitusiyanın meydana çıxmasını şərtləndirmişdir, o zaman konstitusiyanın mövcudluğu yalnız nəzəri olaraq eyni adlı mükəmməl hüquqi sənədin mövcudluğu ilə izah edilə bilməz. Bu baxımdan Heydər Əliyev Azərbaycan konstitusionalizminin banisi, son iki konstitusiyanın əsas müəllifi olmaqla yanaşı, 1970-ci illərdən bu günə qədər Azərbaycan konstitusionalizminin həm nəzəri, həm də təcrübi tarixinin, müstəqil Azərbaycanda konstitusion prinsiplərin real həyatda əks olunmasının müstəsna təminatçısıdır. Ümummilli lider özünün müəllifi olduğu hüquqi dövlət quruculuğunun əsas məramını belə açıqlayırdı: “Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Əsas Qanunumuzun qəbul olunmasında ilk ülvi niyyət kimi “Azərbaycan dövlətinin müstəqlliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” bəyan olunur. Bu faktdır ki, Ümummilli Liderimiz 1993-cü ildə fəlakətlər girdabına sürüklənmiş ölkəmizin idarəçiliyini təhvil alanda torpaqlarımızın böyük bir hissəsi işğal olunmuş, ərazi bütövlüyümüz pozulmuş, düşmən tapdağı altındakı ərazilərimiz üzərində suverenliyimizin tətbiqi mümkünsüzləşmişdi.
Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına məşhur müraciətində öz prezidentlik dövrünün başlıca nailiyyətlərini beləcə sıralamışdı: “İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.
Ümummilli Lider “xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini” ölkəmizin qarşısında dayanan ən əsas problem hesab edərək, müraciətinin sonunda həmin problemin yeganə düzgün həlli yolunu da göstərmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix böyük Liderin həmişəkitək nə qədər uzaqgörən və haqlı olduğunu isbat etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu konseptual dövlətçilik siyasətinin bütün istiqamətlərini öz liderliyinin 22 ilində heyrətamiz uğurla davam etdirdi, ölkəmiz mühüm nəqliyyat qovşağına, qlobal enerji təchizatçısına çevrildi. Dövlətimizin müdafiə qüdrəti xeyli artdı, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edildi. Nəticədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz nailiyyət əldə edərək, cəmi 44 gün ərzində 30 illik işğala son qoydu və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərimiz üzərində dövlət suverenliyimiz tam bərpa olundu. Hazırda tarixi Qarabağ torpaqlarında geniş quruculuq işləri görülür, soydaşlarımız Böyük Qayıdış proqramı ilə öz evlərinə geri dönürlər. Ümummilli Liderimizin məşhur müraciətində qeyd etdiyi əsas problemin həlli - tam suverenliyin bilavasitə bağlı olduğu ərazi bütövlüyünün həlli həm də milli Konstitusiyamızın ilk ülvi niyyətinin də artıq tam həyata keçirilməsi deməkdir.
Ümummilli Lider Heydər Əliyev zamanında əminliklə bugünkü ərazi bütövlüyü və bütün ərazisi üzərində tam suverenliyi bərpa olunmuş, bütün konstitusion prinsiplərin prinsipal şəkildə bərqərar olunduğu Azərbaycan dövlətini əvvəlcədən görürdü. Böyük Liderin yuxarıda qeyd etdiyimiz tarixi müraciətindəki istək, arzu və planları tam şəkildə həyata keçirilib. Müasir dünyanın siyasi xəritəsində özünün yeri, rolu, sözü və mövqeyi olan Azərbaycan artıq müstəqillik tarixinin keyfiyyət və mahiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamında deyildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
Elman CƏFƏRLİ,
YAP Naxçıvan şəhər təşkilatının sədri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.