Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.
Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. O, həmçinin həmkarını Türkiyəyə dəvət edib.
Bu arada Donald Tramp da türkiyəli həmkarı ilə telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.
Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb: “İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”.
Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.
“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - deyə Ağ Evin rəhbəri əlavə edib.