Ötən gün Milli Məclisin deputatı Azər Badamovun Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılmasına səbəb “dəfələrlə Rusiya əleyhinə və rusofobik bəyanatlar səsləndirməsi” olub. Bu barədə TASS-a mənbə bildirib.
Nəşrin məlumatına görə, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin (parlament) deputatı Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiya ərazisinə buraxılmasına icazə verilməyib. Buna əsas kimi guya “Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofob xarakterli bəyanatları” göstərilib.
Nəşrin mənbəsi qeyd edib ki, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə” təsir göstərmir.
"Rusiya dost ölkələrlə münasibətlərdə stop-list praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra Rusiya qanunvericilərinə qarşı Azərbaycana giriş qadağası qoyulub. Son belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir. Moskva bu qəbildən olan məsələlərin media vasitəsilə deyil, diplomatik kanallarla həllini düzgün hesab edir", - mənbə əlavə edib.