AZ

Pislər içərisində daha az pisə dəstək və: Paşinyanın alternativinə nifrət

ain.az, Ayna portalına istinadən məlumat verir.

Alen Simonyan: “Bugünkü sorğular da onu göstərir ki, hakim partiya birinci yerdədir”

Qabil Hüseynli: “Xalqın etimadını qazana biləcək şəxslər meydana atılmasa, güman ki, Paşinyan hakimiyyətini qoruyacaq”

“Bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50 faizdən çox səs qazanacaq”. Bu sözləri Ermənistan Milli Assambleyasının (parlament) sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. Simonyan bildirib ki, 2021-ci ildə seçkilərdə hakim partiya qalib gəlib və səsvermənin nəticələrinə heç kim şübhə etməyib.

“Bugünkü sorğular da onu göstərir ki, hakim partiya birinci yerdədir və əhalinin ən çox dəstəyinə malikdir. Əminəm ki, bu həftə seçkilər keçirilsə, “Mülki Müqavilə” 50 faizdən çox səs toplayaraq qalib gələcək”, - Ermənistan Parlamentinin spikeri bildirib.

Simonyan parlament seçkilərini Gümrüdəki bələdiyyə seçkiləri ilə müqayisə etməməyə çağırıb. O xatırladıb ki, yerli seçkilərdə “Mülki Müqavilə” milli seçkilərin nəticələri ilə müqayisədə səslərin sayını demək olar ki, iki dəfə artırıb.

Simonyanın sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.

Qeyd edək ki, “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin mart ayında dərc etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 11,8 faizi Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Mülki Müqavilə”yə, digər siyasi qüvvələrə isə daha az səs verməyə hazırdır.

Gümrü Ağsaqqallar Şurasına seçkilərin nəticələrinə görə, “Mülki Müqavilə” Partiyası (merliyə namizəd - Sarik Minasyan) 17 183 səs toplayıb. Ermənistan Kommunist Partiyası (Vardan Qukasyan) – 9727, “Bizim şəhər” məhəlləsi (Martun Qriqoryan) – 7380, “Mənim Güclü İcmam” (Ruben Mxitaryan) – 3734,  “Ana Ermənistan” bloku (Karen Simonyan) – 2902 səs toplayıb. “Ana Ermənistan”, “Mənim Güclü İcmam” və “Şəhərimiz” Vardan Qukasyanı dəstəkləyib və o sonda şəhərin meri olub.

Azərbaycanlı politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli də hesab edir ki, ermənilər digər partiyalarla müqayisədə Paşinyanın partiyasını dəstəkləyirlər. Analitik AYNA.AZ-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra “Mülki Müqavilə”nin reytinqində geriləmə olub: “Amma nə qədər reytinq düşsə də, yenə də ermənilərin əksəriyyəti Paşinyanın hakimiyyətini dəstəkləyirlər. Əslində bu, məcburiyyətdən dəstəkləmə sayıla bilər. Çünki Paşinyanın alternativlərinə, hazırkı ən qatı müxalifət olan “Qarabağ klanı” adlandırılan qüvvələrə ermənilər daha çox nifrət edirlər. “Qarabağ klanı” deyilən müxaliflərin başında keçmiş prezidentlər, Xocalı cəlladı olan Robert Köçəryan və Serj Sarkisyan dayanır. Bu canilər ermənilərin özlərinə də hakimiyyətdə olduqları illərdə əzablar veriblər. Talançılıq, özbaşınalıq Köçəryan və Sarkisyan cütlüyünün hakimiyyəti zamanı tüğyan edirdi. Ona görə də, ermənilər indi müxalif olan bu qüvvələri qəbul etmirlər. Necə deyərlər, iki pisdən az pisini seçməkdə fayda görürlər. Bu baxımdan, Simonyanın dediklərində hardasa həqiqət var”.

“Bununla yanaşı, hesab edirəm ki, erməni xalqının 50 faizdən çoxunun Paşinyanı dəstəklədiyi fikri yanlışdır. Simonyan bu iddiasında yalan danışır. Beynəlxalq sorğular da, yerli sorğular da göstərir ki, Paşinyana ermənilərin təxminən 25-30 faizi dəstək verir. Amma Köçaryana, Sarkisyana dəstək verənlərin faizi 10-un altındadır”, - Q.Hüseynli qeyd edib.

Gələn il keçiriləcək seçkilərə gəlincə, politoloq dəqiq proqnoz verməyin çətin olduğunu bildirib: “Hələlik görünən odur ki, Paşinyan hakimiyyətdə qalacaq. Amma gələn il seçkilərinə bir il vaxt var. Bu zamanadək proseslərin gedişindən çox şey asılıdır. Bəlkə Ermənistanda elə bir siyasi qüvvə meydana çıxacaq ki, həmin qüvvə Paşinyanı da kölgədə qoyacaq?! Bu, əlbəttə, mümkündür. Amma yeni qüvvələr meydana çıxmasa, xalqın etimadını qazana biləcək şəxslər meydana atılmasa, güman ki, Paşinyan hakimiyyətini qoruyacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr