ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini və bu sahədə dövlət tənzimləməsini, eləcə də xarici əlaqələr sahəsində Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən və diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Bakı şəhərində yerləşir.
2. Nazirliyin fəaliyyət istiqamətləri
2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirmək və Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsil etmək;
2.1.2. Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli təhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorumaq və təmin etmək;
2.1.3. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;
2.1.4. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək vermək;
2.1.5. xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;
2.1.6. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
2.1.7. Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirmək;
2.1.8. beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətini, xarici dövlətlərin xarici və daxili siyasətini, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etmək və Azərbaycan Respublikasının digər dövlət orqanlarına (qurumlarına) müvafiq məlumatları və təklifləri təqdim etmək;
2.1.9. Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrini həyata keçirmək;
2.1.10. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;
2.1.11. Azərbaycan Respublikasının dövlət protokolunun təmin edilməsində iştirak etmək;
2.1.12. konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək;
2.1.13. xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətini həyata keçirmək;
2.1.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Nazirliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:
3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsini təmin etmək və əlaqələndirmək;
3.1.2. Azərbaycan Respublikasının milli maraqlarına uyğun sahələr üzrə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək;
3.1.3. Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsil etmək və onun milli maraqlarını qorumaq, Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;
3.1.4. Azərbaycan Respublikasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində təşəbbüslərini xarici siyasət vasitələri ilə həyata keçirmək;
3.1.5. xarici dövlətlərin xarici və daxili siyasəti, həmçinin beynəlxalq təşkilatların fəaliyyəti barədə məlumatları, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və Azərbaycan Respublikası Prezidentinin xarici siyasət sahəsində qərarlarını icra etmək;
3.1.6. milli təhlükəsizliyin təmin olunmasından irəli gələn məsələləri xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;
3.1.7. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında danışıqların aparılmasını təşkil və təmin etmək;
3.1.8. beynəlxalq münasibətlərdə baş verən və Azərbaycan Respublikasının milli maraqları baxımından əhəmiyyət kəsb edən hadisələr barədə məlumatları əldə etmək;
3.1.9. iqlim dəyişmələri üzrə aparılan beynəlxalq danışıqlarda Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək, iqlim diplomatiyası sahəsində beynəlxalq tərəfdaşlıq qurmaq və iqlim siyasəti ilə bağlı beynəlxalq təşəbbüslərə münasibətdə Azərbaycan Respublikasının mövqeyinin formalaşdırılmasına dəstək vermək;
3.1.10. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;
3.1.11. dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin vahid xarici siyasət xəttinə uyğun həyata keçirilməsini təşkil etmək və həmin orqanların (qurumların) bu istiqamətdə fəaliyyətini əlaqələndirmək, eləcə də aidiyyəti üzrə təklif və tövsiyələr vermək;
3.1.12. Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu beynəlxalq təşkilatların orqanlarında, bölmələrində və nümayəndəliklərində (bundan sonra – beynəlxalq təşkilatların orqanları) müvafiq vəzifələr üzrə Azərbaycan Respublikasına kvota ayrılması və ya ayrılmış kvotanın artırılması, həmçinin Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanlarında müvafiq vəzifələrin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən tutulması istiqamətində iş aparmaq;
3.1.13. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə, o cümlədən Azərbaycan Respublikasında istehsal olunan əmtəələrin ixracının təşviqinə və Azərbaycan Respublikasına xarici sərmayələrin cəlb olunmasına dəstək vermək;
3.1.14. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təklif vermək, beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;
3.1.15. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdimatını və təşviqini təmin edən tədbirlər görmək, Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərinin inkişafını təmin etmək və fəaliyyətini əlaqələndirmək;
3.1.16. Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv və ya müşahidəçi olduğu, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların orqanları ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;
3.1.17. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidəni həyata keçirmək və normativ hüquqi aktların bu müqavilələrdən irəli gələn öhdəliklərə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
3.1.18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələr bağlaması və ya bağladığı beynəlxalq müqavilələrin ləğvi barədə təkliflərə münasibət bildirmək, eləcə də beynəlxalq müqavilə layihələrinin mətnlərinə dair rəy və təkliflər vermək, dövlət dilinə tərcümə edilmiş beynəlxalq müqavilə mətnlərinin xarici dildə olan mətnlərinə uyğunluğunu təsdiq etmək;
3.1.19. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin depozitarisi funksiyasını həyata keçirmək, beynəlxalq müqavilələrin qeydiyyatını, uçotunu və saxlanılmasını təmin etmək;
3.1.20. xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
3.1.21. müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;
3.1.22. Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı rəsmi bəyanatlar, şərh və açıqlamalar vermək, dövlət orqanlarını (qurumlarını), media subyektlərini və jurnalistləri beynəlxalq vəziyyət və Azərbaycan Respublikasının xarici siyasəti haqqında məlumatlandırmaq;
3.1.23. Azərbaycan Respublikası haqqında rəsmi məlumatların xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda yayılmasını təmin etmək;
3.1.24. diplomatik xidmət orqanlarının fəaliyyəti haqqında əhalinin və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını, internet saytının və sosial media hesablarının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda və sosial media hesablarında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.25. xarici media nümayəndələrinin akkreditasiyasını həyata keçirmək;
3.1.26. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;
3.1.27. konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək, eləcə də fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılmasında iştirak etmək;
3.1.28. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatını aparmaq;
3.1.29. Azərbaycan Respublikasının dövlət protokolunun, yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası mübadilələrin protokol təminatının həyata keçirilməsində iştirak etmək;
3.1.30. dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların orqanlarının qarşılıqlı əlaqələrinə kömək göstərmək;
3.1.31. açıqlanmasına və ya məlumat verilməsinə qanunla məhdudiyyət qoyulmuş hallar istisna olmaqla, xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluqları, həmçinin beynəlxalq təşkilatların orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) arasında qarşılıqlı göndərilən dəvətlərin, eləcə də birgə keçirilməsi planlaşdırılan tədbirlərin məqsəd və mahiyyəti barədə, habelə həmin tədbirlərdə əldə edilmiş razılaşmalar, imzalanması nəzərdə tutulan və imzalanmış sənədlər barədə məlumatları əldə etmək və Azərbaycan Respublikasının milli maraqlarına uyğunluğu baxımından münasibət bildirmək;
3.1.32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq diplomatik və konsul imtiyazlarının və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək;
3.1.33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;
3.1.34. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;
3.1.35. xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək;
3.1.36. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının diplomatik xidmət orqanı əməkdaşlarının, dövlət orqanlarının nümayəndələrinin və onların (aparatlarının) işçilərinin, həmçinin dövlət qulluğuna aid olmayan vəzifələrdə işləyən işçilərin təhlükəsizlik məsələləri ilə bağlı davranış qaydalarını Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti ilə birlikdə müəyyən etmək;
3.1.37. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin onların yerləşdikləri şəhərdən kənarda – qəbul edən dövlətin digər inzibati ərazi vahidində, həmçinin diplomatik nümayəndəliyin və ya konsulluğun rəhbərinin eyni zamanda akkreditə olunduğu üçüncü dövlətdə və ya beynəlxalq təşkilatda yerinə yetirilməsi işini təşkil etmək;
3.1.38. diplomatik xidmət orqanlarında fəaliyyətin normativ hüquqi aktlara uyğun təşkil olunmasını təmin etmək və bu məqsədlə nəzarəti həyata keçirmək;
3.1.39. diplomatik xidmət orqanlarında dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.40. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.41. diplomatik və rəsmi yazışmalar aparmaq, onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək;
3.1.42. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;
3.1.43. diplomatik xidmət orqanlarının kadr təminatını həyata keçirmək və diplomatik xidmət orqanı əməkdaşlarının əlavə təhsili üçün tədbirlər görmək;
3.1.44. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək, strukturuna daxil olan qurumların fəaliyyəti üçün zəruri şəraiti təmin etmək, həmçinin onların binalarının tikintisi və yenidən qurulması ilə bağlı məsələlərin icrasını təşkil etmək;
3.1.45. Nazirliyin strukturuna daxil olan qurumların maliyyələşdirilməsini və maddi-texniki təminatını ayrılmış vəsait hüdudlarında həyata keçirmək, habelə ayrılan büdcə vəsaitindən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;
3.1.46. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Nazirliyin hüquqları
4.1. Bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün Nazirlik aşağıdakı hüquqlara malikdir:
4.1.1. xarici dövlətlərin xarici siyasət sahəsində müsbət təcrübəsini öyrənmək və bu təcrübədən Azərbaycan Respublikasının milli maraqlarına uyğun qaydada istifadə etmək;
4.1.2. xarici siyasət məsələləri ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
4.1.3. xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, beynəlxalq təşkilatların orqanları, xarici dövlətlərin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, media subyektləri ilə və jurnalistlərlə əməkdaşlıq əlaqələri qurmaq, görüşlər keçirmək və yazışmalar aparmaq;
4.1.4. dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsindən irəli gələn hüquqları həyata keçirmək və onların xarici əlaqələr sahəsində fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
4.1.5. Azərbaycan Respublikasının, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin səfərlərinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
4.1.6. dövlət orqanlarının (qurumlarının) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndələrinin, habelə xaricə ezam olunmuş nümayəndə heyətlərinin qərar və hərəkətləri Azərbaycan Respublikasının milli maraqlarına cavab vermədiyi təqdirdə, həmin halların qarşısının alınması üçün aidiyyəti dövlət orqanı (qurumu) qarşısında məsələ qaldırmaq və ya bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
4.1.7. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının təsis olunması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
4.1.8. xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə qarşılıqlılıq prinsipinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış etmək;
4.1.9. normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada tabeliyində müvafiq qurumlar və ya strukturu daxilində bölmələr (idarə, şöbə) yaratmaq, yenidən təşkil etmək və ləğv etmək;
4.1.10. diplomatik xidmət orqanlarında xidmət üçün zəruri şərait yaradılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;
4.1.11. konsul işini təşkil etmək və konsul funksiyalarından irəli gələn hüquqları həyata keçirmək;
4.1.12. aparılan konsul əməliyyatlarına görə dövlət rüsumunu və faktiki xərcləri tutmaq, eləcə də konsul əməliyyatlarının icrası üçün kənar xidmət təchizatçıları ilə əməkdaşlıq etmək;
4.1.13. Azərbaycan Respublikasının dövlət protokolunun və yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası mübadilələrin protokol təminatının icrasından irəli gələn hüquqları həyata keçirmək;
4.1.14. xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.1.15. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.16. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları öz fəaliyyətinə cəlb etmək, komissiyalar və işçi qruplar yaratmaq;
4.1.17. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq;
4.1.18. xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində yaradılan birgə hökumətlərarası və digər komissiyaların, eləcə də işçi qrupların işində iştirak etmək, konfranslar, forumlar, seminarlar, iclaslar, görüşlər, sərgilər və digər tədbirlər təşkil etmək, həmçinin bu tədbirlərin təşkilinə dəstək vermək;
4.1.19. normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyətini qiymətləndirmək və Nazirlikdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının attestasiyasını həyata keçirmək;
4.1.20. diplomatik xidmət orqanlarının fəaliyyətində istifadə olunan telekommunikasiya şəbəkəsini qurmaq və texniki təminatını həyata keçirmək;
4.1.21. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan digər qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar, müvafiq ali təhsil müəssisəsi və s.) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5. 2. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
5.3. Nazirliyin Aparatının diplomatik xidmət orqanı əməkdaşlarının say həddini və Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların, müvafiq ali təhsil müəssisəsinin və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.4. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının xarici işlər naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.5. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyırlar.
5.6. Nazir:
5.6.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. nazir müavinləri arasında vəzifə bölgüsü aparır;
5.6.3. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və diplomatik xidmət orqanı əməkdaşlarının say həddi daxilində Nazirliyin strukturuna daxil olan qurumların strukturunu və ştat cədvəlini, əməyin ödənişi fondunu, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;
5.6.4. dövlət büdcəsindən ayrılmış vəsait və Nazirliyin Aparatının diplomatik xidmət orqanı əməkdaşlarının müəyyən olunmuş say həddi daxilində Nazirliyin Aparatının struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarlar qəbul edir;
5.6.5. diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil edir və onların fəaliyyətinə nəzarət edir;
5.6.6. ikitərəfli və çoxtərəfli danışıqlarda Azərbaycan Respublikasını təmsil edir, qanuna uyğun olaraq və ya verilmiş səlahiyyətlər daxilində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini və digər müvafiq beynəlxalq sənədlərini imzalayır;
5.6.7. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri rəhbərlərinin və onların müavinlərinin, baş konsullarının təyin edilməsi və geri çağırılması, fəxri konsullarının isə təyin edilməsi və fəaliyyətinə xitam verilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
5.6.8. diplomatik xidmət əməkdaşlarına fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
5.6.9. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada diplomatik xidmət orqanı əməkdaşlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin xüsusi tapşırıqlar üzrə səfirlərini və idarə rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, onların rotasiyasını həyata keçirir, həmçinin diplomatik xidmət əməkdaşlarına diplomatik rütbələr verir;
5.6.10. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;
5.6.11. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri daxilində diplomatik xidmət orqanı əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.6.12. xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
5.6.13. Nazirliyin strukturuna daxil olan qurumların vəzifəli şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları rəhbərlərinin qanunvericiliyə zidd olan qərarlarını (əmrlərini) ləğv edir;
5.6.14. Nazirliyin Aparatının struktur bölmələrinin və strukturuna daxil olan digər qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.10-cu bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
5.6.15. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların əsasnamələrini (nizamnamələrini) təsdiq olunmaq üçün təqdim edir;
5.6.16. Nazirliyi təmsil edir;
5.6.17. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.6.18. diplomatik xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir;
5.6.19. Nazirliyin strukturuna daxil olan qurumların xidməti və maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını (təftişini) təşkil edir;
5.6.20. normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.7. Nazirlikdə nazirdən (Kollegiyanın sədrindən), nazirin müavinlərindən və Nazirliyin digər rəhbər əməkdaşlarından ibarət tərkibdə Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.8. Nazirliyin Kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.9. Nazirliyin Kollegiyasının iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
5.10. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.10.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.10.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;
5.10.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.10.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
5.10.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.6.14-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
5.10.6. bu Əsasnamənin 5.10.1–5.10.5-ci yarımbəndlərinə uyğun olaraq Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.
5.11. Nazirliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.12. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər.
5.13. Nazirliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
5.14. Nazirlikdə xidmətə (qulluğa) qəbulla bağlı keçirilən müsabiqə və ya müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.