AZ

Rusiyanın Azərbaycana qarşı növbəti təxribatı: İki ölkə arasında gərginlik - ŞƏRH

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

Səfər zamanı nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildir di ki, Rusiyanın rəsmilərinin, dövlət qurumlarının ölkəmizə qarşı qeyri-dost münasibətləri davam edir.

"Biz davamlı olaraq Rusiya rəsmilərinin ölkəmizə qarşı açıqlamalarının şahidiyik və bunun bir sıra hallarda yüksək səviyyəli rəsmi şəxslərin nümunəsində də görürük”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin qorunmasında maraqlı olub və Rusiyaya qarşı dost mövqeyini hər zaman nümayiş etdirib.

"Ermənistandan fərqli olaraq biz heç vaxt Rusiyaya qarşı bir addım atmamışıq. Ancaq bizim gördüyümüz odur ki, məhz Rusiya dost Azərbaycana qarşı bu cür addımları atır, amma Ermənistana qarşı hər zaman diqqət və qayğı göstərməyə çalışırlar. Yəni, Rusiyaya qarşı davamlı açıqlamalar verən, addımlar atan Ermənistan Rusiya üçün əzizdir. Bütün bunlar belə bir təsir bağışlayır ki, kim Rusiyaya qarşı çıxırsa, addımlar atırsa Rusiya onla dost ölkə kimi davranır".

Millət vəkili bildirib ki, son dövrlər Rusiya rəsmilərinin keçmiş MDB respublikalarından olan vətəndaşlara qarşı dözümsüz münasibət sərgilədi. Bu, ciddi narahatlıq doğuran məsələdir. Getdikcə Rusiya siyasi çevrələrində rasizm və diskriminasiya güclənir. Bu gün Rusiya bütün dünyada təcrid olunub. Bu gün Avropa ölkələri Rusiyaya qarşı sanksiya tətbiq edirlər, Rusiya vətəndaşlarını arzuolunmaz şəxslər hesab edirlər və bütün bunları Rusiya keçmiş MDB məkanına qarşı edir.

“Ümumiyyətlə Rusiyanın bu son addımlarını anlamaq çətindir, heç bir məntiqə sığmır və Azərbaycan deputatının Rusiya hava limanında arzuolunmaz şəxs kimi təqdim olunaraq Rusiya ərazisinə buraxılmaması da Rusiya tərəfinin növbəti addımlarının, xoşagəlməz fəaliyyətinin təzahürü və nəticəsidir. Yəni, bu bir daha açıq-aydın Rusiyada rasizmin və diskriminasiyanın gücləndiyini göstərir.

“Davamlı olaraq Həştərxana Azərbaycan rəsmiləri səfərlər edib, orada müxtəlif görüşlər, tədbirlər keçirilib və bu şəhər Azərbaycanla qardaşlaşıb və bu gün rəsmi tədbirdə iştirak edən Milli Məclisin deputatına qarşı belə bir addımın atılması heç bir dostluq münasibətlərinə uyğun gəlməyən bir addımdır və bu, şiddətlə qınanılmalıdır, bu cür addımlara Rusiya tərəfi son qoymalıdır”, - deyə deputat vurğulayıb.

Aminə Nəzərova

Seçilən
0
1
operativmm.az

2Mənbələr