AZ

Raşizmin faşizm paradı...

Hitler Almaniyası üzərində Qələbənin 80 illiyinə dair yubiley paradının keçirilməsinə sayılı günlər qalır. Ukraynanın Moskvada planlaşdırılan 9 May paradını pozmaq üçün dronlarla zərbə endirmək təhlükəsinin olmasına baxmayaraq, Kreml israrla bu paradın keçirilməsinə nail olmağa çalışır.

Çünki yubiley paradının baş tutması həm Rusiyaya psixoloji üstünlük qazandıra, həm də Putinin beynəlxalq təcrid vəziyyətindən çıxmasına təkan verə bilər.

Lakin məsələ burasındadır ki, parada dəvət olunan xarici ölkələrin dövlət və hökumət başçılarının heç də hamısı Putini beynəlxalq təcriddən qurtarmağa tələsmir.

Avropa ölkələrinin bir çoxu bu parada qatılmaqdan imtina edib. Putinin “yaxın dost” saydığı Hindistanın baş naziri Narendra Modi də mayın 9-da Moskvaya getməyəcəyini bəyan etdi.

Putinin “mehriban düşmən”i Nikol Paşinyan isə hətta son anda belə Moskva paradına getməkdən imtina edə bilər. Məsələn, koronavirus bəhanəsi ilə.

Beləliklə, bu gedişlə Putin 9 May paradını Lukaşenkonun, Si Zinpinin, Tokayevin və bir neçə “növbətçi” Afrika liderinin əhatəsində keçirməli ola bilər. Bu isə Rusiya lideri üçün növbəti böyük fiasko deməkdir.

Yeri gəlmişkən, bu parad keçmiş sovet respublikaları üçün artıq çoxdan öz əvvəlki siyasi-ideoloji əhəmiyyətini itirib. Bu gün əksər postsovet ölkələrində insanlar parad haqqında düşünmür, buna ciddi önəm vermirlər. Onlar sadəcə İkinci Dünya müharibəsində həlak olmuş babalarının, əmilərinin xatirəsini yad edir, ehtiramlarını bildirirlər.

Bu baxımdan, əslində, postsovet ölkələri bu paradı boykot etməlidirlər.

Niyə?

Çünki Rusiya bu parada ev sahibliyi etmək haqqını tam olaraq öz monopoliyasına götürüb.

Putin alman faşizmi üzərində qələbəni Rusiyanın müstəsna tarixi nailiyyəti hesab edir. Ancaq alman faşizmi üzərində qələbə heç də Putinin iddia etdiyi kimi təkcə rusların qələbəsi deyil. Bu qələbədə keçmiş 15 müttəfiq respublikadan tutmuş ABŞ və İngiltərəyə qədər bir çox xalqların və ölkələrin mühüm payı var. Ancaq nədənsə, Rusiya Qələbə paradını keçirmək haqqını istisnasız olaraq yalnız özünə aid edir. Hal bu ki, bir çox ölkələr bu paradı keçirmək haqqına malikdir.

Lakin postsovet ölkələrindəki mövcud ictimai rəy Putini elə də maraqlandırmır. O, bütün uğursuzluqlara və gözlənilməzliklərə rəğmən 9 may paradını, nəyin bahasına olursa-olsun, keçirmək əzmindədir. Bu əzm və inadkarlıq isə ilk növbədə “əbədi faşizm” sindromundan irəli gəlir. Bəli, Putler əbədi faşizmin tipik daşıyıcısıdır.

Bəs, bu sindromun mahiyyəti nədir?

Ünlü italyan yazçısı, filosofu, semiotika və orta əsrlər estetikası üzrə mütəxəssisi Umberto Eko özünün “Əbədi faşizm” adlı unikal essesində bu sindromun mükəmməl açmasını verib və insananifrət ideologiyası olan faşizmin yenidən dirilişinin, qayıdışının 14 əsas əlamətini (neofaşizmin əlamətləri) göstərib.

Bu gün Rusiyanın Ukraynaya təcavüzkar hücumunun simasında təzahür edən, ortaya çıxan Raşizm (Rusiyasayağı faşizm) də neofaşizmin formalarından, əlamətlərindən, arxetiplərindən biridir.

Və Raşizm Umberto Ekonun “Əbədi faşizm”inin 7-ci bəndindəki Nasionalizmin (nasizm) təzahür forması kimi hazırkı Rusiya liderindən hökmən 9 May paradını keçirməyi tələb edir. Çünki kütləvi propaqanda nəticəsində ksenofobiyaya, ukraynafobiyaya, velikorusçuluğa köklənmiş, zombiləşmiş kütlənin “çörək və tamaşa”ya (Latınca: panem et circenses) tələbatı, ehtiyacı var. Qədim Roma şair və satiriki Yuvenalın 10-cu satirasındakı sözləri ilə desək, kütlə Putlerdən parad tələb edir.

Lakin bu paradı artıq Qələbə paradı adlandırmaq olmaz. Çünki Putinin təşəbbüsü ilə keçirilən 9 May paradları artıq çoxdan keçmiş Sovetlər İttifaqı dönəmindəki anlamını itirib.

Bu mənada, 2025-ci il mayın 9-da Qırmızı Meydanda keçiriləcək parad raşizmin faşizmdən yararlanmaq paradı olacaq.

Seçilən
0
1
vaxt.az

2Mənbələr