Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.
Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq deyib ki, Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.
O bildirib ki, TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir.
Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi, xalqlar arasında da vacib şərtlərdəndir.
300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:
- türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.
Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.
İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”
Şəmil Sadiq onu da deyib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.
2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayında onlayn formada təşkil olunmuşdu. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak haqqı qazanıb.
Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif edilib.
Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edib.
Mükafatlandırma mərasimində qaliblərə medallar və sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
İştirakçılar içərisində «Yaxşıların yaxşısı» nominasiyasının qalibi şagird «Qızıl alma» mükafatına layiq görülüb.
Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Qazaxıstanın Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.
TİO Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.