Azərbaycanda uzun illərdir həllini tapmayan problemlərdən biri də bölgələrdə həkim çatışmazlığıdır. Müşahidələr göstərir ki, regionlarda fəaliyyət göstərən peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər də bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.
Azərbaycanda həkimlərin işə qəbulu təyinatla aparılır. Belə olan halda həkim çatışmazlığının səbəbi nədir?
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Referans”-a verilən məlumatda qeyd olunub ki, Səhiyyə Nazirliyi tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir.
“Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər”.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən isə bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16711 həkim fəaliyyət göstərir. Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür.
“Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək.
TƏBİB-in tabeliyindəki müəssisələrə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılıb.
Eyni zamanda, TƏBİB tabeli tibb müəssisələrində daim xidmət səviyyəsinin artırılması istiqamətində işlər aparılır, yeni şöbələr, mərkəzlər yaradılır (uroloji, kordioloji, travmatoloji, hemodializ və.s.) avadanlıqlarla təmin olunur və istismar müddəti başa çatmış avadanlıqlar yeniləri ilə əvəz olunurlar.
TƏBİB yarandığı gündən etibarən daim tibbi xidmətin keyfiyyətinin, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
TƏBİB-dən son olaraq bildirilib ki, həkim mütəxəssislərin tabeli tibb müəssisələrinə cəlb olunması, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və tibb personalının müasir avadanlıqlar vasitəsilə tibbi xidmət göstərməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.
Fidan Vəlisoy