AZ

Elvin Camalov: Komanda yoldaşlarım və məşqçilərdən üzr istəyirəm - MÜSAHİBƏ

BAKI, 5 may. TELEQRAF

“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”lə qarşılaşmadan 2:2 hesablı bərabərliklə ayrılıb. “Ağ-qaralar”ın 4 nömrəli futbolçusu Elvin Camalov 70-ci dəqiqədə qırmızı vərəqə alıb.

Matçdan sonra “ağ-qaralar”ın 30 yaşlı yarımmüdafiəçisi Teleqraf-a müsahibə verib.

- “Kəpəz”lə oyuna psixoloji cəhətdən necə hazırlaşmışdınız?

- Meydana qalibiyyət üçün çıxmışdıq. Bizim üçün vacib matç idi. Kubokdan əlimizi üzdüyümüzdən, çempionatda daha yuxarı pillələrə qalxmaq istəyirik. Bunun üçün qələbə vacib idi. Hər oyundan-oyuna çalışırıq ki, yaxşı hazırlaşaq və meydanda 3 xal uğrunda mübarizə aparaq. Birinci hissə yaxşı keçdi. İkinci hissədə isə qapımızda iki qol gördük. Sonda bərabərlik qolunu vuraraq oyundan bir xalla ayrıldıq. Lakin “Neftçi” adına belə oyunlarda qalib gəlmək vacibdir.

- 90+3-cü dəqiqədə qırmızı vərəqə aldığınız epiozod barədə fikirlərinizi bilmək istərdik. Baş məşqçi epizodda günahınızın olmadığını bildirdi. Həmin epizodu şərh edərdiniz?

- Çox talesiz qırmızı vərəqə ilə cəzalandım. Bu da ayrıca olaraq, mənim üçün üzücü məqamdır. Komandamı azlıqda buraxmaq istəməzdim. Bu hal baş verdiyinə görə komanda yoldaşlarım və məşqçilər heyətindən üzr istəyirəm. Ehtiyatsız davrandığımı qəbul edirəm. Amma birbaşa qırmızı vərəqə olmadığını düşünürəm.

- Kubok şansınızı itirməyiniz, psixoloji olaraq, sizə necə təsir göstərib?

- Kubokdan əlimizi üzdük. Amma çempionatın bir bir oyununa ciddi hazırlaşırıq. "Kəpəz"lə qarşılaşmaya da ciddi yanaşırdıq. Çalışdıq ki, meydançada layiqli mübarizə aparaq. Birinci hissədə bir qol vurduq, amma daha çoxunu vura bilərdik. İkinci hissədə fərdi səhvlərimizdən qapımızdan top buraxdıq. Bütün komanda olaraq qələbəyə köklənmişdik, amma alınmadı.

- “Neftçi” kimi komandanın bu cür oyun nümayiş etdirməsi futbol ictimaiyyəti tərəfindən qəbuil olunmur. Hərə bir səbəb deyir. Niyə oyununuz alınmır?

- Belə hallarda nə deyəcəyimi bilmirəm. Çünki bütün azarkeşlər, “Neftçi”sevərlər klubun necə böyük ad olduğunu bilir, həmişə böyük nailiyyətlər gözləyirlər. Sanki böyük bəxtsizliklə üzləşmişik. Bunda da nəsə səbəb axtarnmıram, komanda daxilində də hər şey yaxşıdır. Sadəcə, fərdi səhvlərdən qollar buraxırıq. Zamanla bunların düzələcəyinə inanıram. Həm məşqçilər heyəti, həm də komanda olaraq, bu durumdan çıxarıq. Ümid edirəm ki, “Neftçi” öz adına layiq yerlərdə olacaq.

- “Forza Neftçi” məlum nəticələrdən sonra komandanı boykot edib. Onlara haqq qazandırmaq olarmı?

- “Neftçi” azarkeşləri hamıya məlumdur. Bu komanda hər zaman azarkeşləri ilə seçilib. İstər cavan, istər qoca - hər kəs “Neftçi”yə dəstək olub, komandanın arxasında durublar. Belə durumlarda da onların inciməyə haqqı var. Biz də bu incikliklərini aradan qaldırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yenə də bizi dəstəkləməyə gəlirlər, çox sağ olsunlar. Yenidən onların möhtəşəm dəstəyini stadiondan hiss etmək istəyirik. Bu incikliyi aradan qaldırmaq üçün yaxşı nəticələr olmalıdır. Qalibiyyət qazanmalıyıq ki, onlar da sevinsinlər, bizi cani-dildən dəstəkləsinlər. Toparlanıb, əlimizdən gələni etməliyik. Bu da bizim öhdəmizə düşür. Çünki meydanda olan bizik.

- “Sabah” klubunun barənizdə yaydığı məlum bəyanatla bağlı nə deyə bilərsiniz?

- Bu barədə klub açıqlama vermədən mənim hər hansı reaksiya bildirməyim düzgün olmaz.

Seçilən
0
teleqraf.com

1Mənbələr