Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 20 noyabr 2024-cü ildə baş verib.
Rayonun Baş Göynük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus "Mercedes-Benz" markalı avtomobili ilə yüksək sürətlə rayonunun Qudula kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib. O, idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb. 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmayılova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb.
Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir: "Anama məxsus "Mercedes-Benz" markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-də təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi. Şəki şəhərinə gedib-gəlməyimizin mümkün olub-olmadığını soruşdu. Onunla razılaşdıq.
Zamir maşının qabaq sağ oturacağında əyləşdi. Şəki avtovağzalı istiqamətinə hərəkətə başladıq. Şəkidə çay içdik".
Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan, adını sonradan bildiyi Mətanət də ora gəlib:
"Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu.
Zamir dedi ki, Şəkinin Qudula kəndinə gedib, daha sonra yaşadığımız Baş Göynük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudula kəndi istiqamətinə sürdüm. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə tərəf aşdı.
Özümə gələndə təcili tibbi yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına apardılar".
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib. Onun ifadəsinə görə, himayəsində yaşlı ata və anası var, əməlindən səmimi peşmanlıq çəkir.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla tək yaşayır:
"Təxminən 3-4 aydır Zamiri tanıyırdım, aramızda sevgi münasibətləri vardı. Noyabrın 20-də təxminən saat 9 radələrində Zamirlə telefonla danışdım, mənə Şəki rayonuna gəlməyimi, bir gün onunla qalmağımı təklif etdi. Əvvəl razılıq verməsəm də, sonra razılaşdım".
Zərərçəkmiş qeyd edib ki, noyabrın 20-də saat 13 radələrində Şəki avtovağzalına gəlib:
"Orada Zamir və Təbriz mənə birlikdə dağa getməyi təklif etdilər. "Mercedes-Benz" markalı avtomobilə əyləşdik. Birlikdə Şəki rayonunda tanımadığım yüksəklik olan yerə getdik. Orada bir az durduqdan sonra yenə avtomobilə mindik, mən arxa sağ oturacaqda, Zamir qabaqda əyləşdi.
Yolda Təbrizlə Zamir birlikdə Zamirin əlində olan mobil telefondakı "TikTok" sosial platformasında videolara baxırdılar. On beş dəqiqə keçərdi, qəfil qarşıdan üzərimizə avtomobil gəldiyini gördüm. Təbrizin fikri yayındığı üçün gələn avtomobili görmədi, sükanı buraxdı, maşın yolun əks istiqamətinə çıxdı, 7-8 dəfə dövrə vuraraq aşdı.
Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxaraq yerə düşdü. Mən də Zamirin yanına düşdüm. Təbriz isə avtomobilin içərisindən özü çıxdı. Mən və Zamiri təcili yardım avtomobilinə mindirdilər. Bizi Şəki Rayon Mərkəzi Xəstəxanasına apardılar. Mənə ilkin tibbi yardım göstərdilər".
Zərərçəkmiş mərhum Zamirin hüquqi varisi qismində onun həyat yoldaşı çıxış edib. O bildirib ki, Şəki rayonunun Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır:
"Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zamirlə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuşam, rəsmi nikahda olmasaq da, 2024-cü ilədək ər-arvad münasibətlərində birgə yaşamışıq. 2013-cü il təvəllüdlü qızımız, 2017-ci il təvəllüdlü oğlumuz dünyaya gəlib".
Hüquqi varis qeyd edib ki, noyabrın 20-də saat 16 radələrində Şəki rayonu Baş Göynük kəndində yaşadığı evdə olan vaxt qayınanası ona yol-nəqliyyat hadisəsi baş verdiyini deyib:
"Qayınanam Qənirə ilə birlikdə xəstəxanaya getdik. Sonra məni və qayınanamı evə yola saldılar. Noyabrın 21-də saat 6 radələrində qardaşım mobil telefonuma zəng edərək ərim Zamir İsmayılovun öldüyünü bildirdi".
Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Təbriz 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.