AZ

“Azər Badamovdan Rusiya dövlətinə ziyan gələsi deyil”

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü deputat Elnarə Akimovanın "Yeni Sabah"a müsahibəsi:

- Milli Məclis üzvü Azər Badamovun Rusiyadan deport edilməsi ilə bağlı həmkarlarınızın, o cümlədən Hikmət Babaoğlu və Samir Vəliyev rəyinə görə, "Rusiyanın daxilində ölkələrimiz arasında münasibətlərə zərbə vurmaq istəyən qüvvələr" mövcuddur. Hansısa xarici ölkə vətəndaşının, yaxud siyasi xadimin “qara siyahı”ya salınması birbaşa həmin ölkənin Xarici İşlər Nazirliyin səalahyiyyətlərinə daxildir. Məntiqlə belə çıxır ki, "partizan dəstəsi" birbaşa Rusiya XİN-də fəaliyyət göstərir. Bu rəyi bölüşürsüzmü?

- İşin mahiyyətini hələ ki bilmirik. Yəqin ki, yaxın günlərdə hadisənin səbəbi ilə bağlı açıqlama olar. Amma bir həmkar və vətəndaş kimi, təbii ki, Milli Məclisin deputatına qarşı Rusiyanın belə bir addım atmasını təqdir etmirəm. Bu, birmənalı olaraq düzgün deyil.

Bir faktı unutmayaq ki, Azər Badamov Azərbaycanda sıravi adam deyil, ölkəni təmsil edən parlament nümayəndəsidir. Milli Məclis üzvü hər bir məsələ haqqında fikir səsləndirə bilər. Ona qarşı bu cür radikal və aqressiv addım atmaq arzuolunmaz bir şeydir. Hər halda Azər Badamovdan nə Rusiya dövlətinə, nə də hansısa digər ölkəyə ziyan gələsi deyil. 

- Hər bir ölkədə olduğu kimi, Azərbaycan XİN-də də “qara siyahı” mövcuddur. Hətta bir sıra rusiyalı deputatların adı, o cümlədən Valuyevin, Milonovun adları da məhz həmin siyahıda yer alır. Sizcə, bu Moskvanın Bakıya qarşı, bir növ, “3 badam -1 qoz” oyunudur?

- Bu suala daha çox Xarici İşlər Nazirliyinin məsul şəxsləri cavab verə bilər. Həmin siyahıda hansı rusiyalı deputatların olması ilə bağlı məlumat XİN-dədir. Amma konkret Azər Badamovdan söhbət gedirsə, onun çıxışlarında həmişə öz dövlətini sevən və digər dövlətlərin suveren qərarlarına və siyasətinə hörmətlə yanaşan biridir. Azər Badamovun hansısa kəskin və aqressiv münasibətini görməmişik ki, onu xatırlayıb Rusiyaya buraxılmaması ilə bağlı əsas verək. 

- Azər Badamovun saxlanma səbəblərindən biri kimi, Rusiyada qəbul edilən miqrasiya haqqında yeni qanuna etirazı göstərilir. Amma nəzərə alaq ki, bu qanun təkcə azərbaycanlıları deyil, bütün miqrantları əhatə edir. Bu baxımdan, sözügedən yanaşma nə dərəcədə düzgündür?

- Əlbəttə ki. İlk növbədə hər bir dövlətin öz milli maraqları var. Nizaminin “İsgəndərnamə”sində də qeyd edilib ki, hər hansı bir dövlətə gedirsənsə, oranın qanunlarına hörmətlə yanaşmalısan. Bu ayrı bir söhbətin mövzusudur. Azər Badamov məsələyə Azərbaycan reallığından baxıb. Onun fikri də düzgündür ki, azərbaycanlılar illərlə Rusiyada yaşayıb, işləyib və onların iqtisadiyyatına hansısa zərər gətirməyib. Amma bilmirik ki, Rusiyanın miqrasiya qaydalarının dəyişdirilməsinin altında hansı səbəblər yatır. Bunu aydınlaşdırmaq lazımdır. Bu daha çox həmin dövlətin özünün şəxsi maraqlarına aid olan bir şeydir. Hər dövlətin özünün milli maraqları var və ona hörmətlə yanaşılmalıdır. 

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr