Azərbaycanlı millət vəkilinin Moskva hava limanında saxlaması diplomatik etiketə uyğun deyil
Mayın 4-də Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb. O, bir çox deputat həmkarları ilə birlikdə Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxana səfər etməli idi.
Lakin Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik.
Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, diplomatik korpusun tərkibində gələn siyasiləri və ya nümayəndə heyətini saxlamaq, onları deport etmək, ölkəyə buraxmamaq iki dövlət arasındakı münasibətlərə ziyan vurur:

"Çünki başqa vaxt Rusiyanın da nümayəndə heyətinin tərkibində Azərbaycana müxtəlif kateqoriyalı siyasətçilər, dövlət məmurları gələcək. Ölkəmiz də misilləmə üçün onları saxlasın, geri göndərsin? Əslində beynəlxalq münasibətlər sistemində bu kimi məsələlərin tənzimlənmə qaydaları var. Tənzimlənmə o demək deyil ki, biri sənin aeroportuna düşəndə onu buraxmayasan. Əgər şəxsi ölkəndə istəmirsənsə, dövlət üçün arzuolunmaz elan etməli, o cümlədən həmin ölkənin XİN-nə və aidiyyəti qurumlarına məlumat verməlisən. Nəticədə iki dövlət arasında qarşılıqlı münasibətlər qurulanda arzuolunmaz şəxslər siyahısı nəzərə alınır. Digər tərəfdən Rusiyanın Azərbaycan Respublikasının Milli Məclisinin deputatını Moskva hava limanında saxlaması diplomatik etiketə uyğun deyil. Rusiya səfirliyi bu ölkə barədə xoşuna gəlməyən ifadə işləyənləri, fikir bildirənləri qeyd edərək özlərinin qara siyahılarına salırlar. Nəticədə həmin insan Rusiyaya getdikdə saxlayırlar, geri qaytarırlar hətta təxribat törədirlər. Məsələn, bundan əvvəl guya Kamil Zeynallını üçüncü ölkənin tələbi ilə saxlamışdılar. Bu kimi məsələlər dövlətlərarası etimadı azaldır və münasibətləri korlayır. Mən Rusiyanı lazımi məqamlarda kifayət qədər tənqid etmişəm. Çünki mən siyasətçiyəm. Millət vəkilləri dövlətinin maraqlarını ifadə edən fikirlər bildirirlər. Deməli, Kreml hər tənqidçini öz ölkəsinə buraxmayacaq? Düşünürəm ki, qarşılıq olaraq Azərbaycan da bunu etməlidir. Dövlətimiz üçün mülayim belə olsa, tənqidi fikir bildirənləri qara siyahıya salaq və Bakıya buraxmayaq".
Tural Abbaslı qeyd edib ki, Rusiyanın hərəkəti Azərbaycan Respublikasına, parlamentə, hökumətə sayğısızlıqdır:
"Məhz Rusiyanın hələ də sivil qaydalarla idarə olunmadığının göstəricisidir. Ümid edirəm ki, rəsmi Moskva Azərbaycanın aidiyyəti qurumlarına izahat və ya açıqlama verər. Çünki bu, diplomatik sahədə skandal sayılır. Ümumiyyətlə Rusiyanın Milli Məclisin üzvü Azər Badamovu hava limanında saxlamasını qətiyyətlə qınayıram, o cümlədən Azərbaycana qarşı xoş qonşuluq və dost münasibəti saymıram. Güman edirəm ki, Rusiyada da ağıllı düşünən insanlar var və bu cür yanlışları aradan qaldırarlar".