Qətərli şeyxə məxsus ailə fondu “MBS Global Investments” qarşıdakı beş il ərzində Maldiv adalarında beynəlxalq maliyyə mərkəzinin yaradılmasına 8,8 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Bakıvaxtı.az “Financial Times” nəşrinə istinadla bildirir ki, Maldivin maliyyə naziri Musa Zamirin sözlərinə görə, bu nəhəng investisiya layihəsi ölkənin əsasən turizm və balıqçılığa əsaslanan iqtisadiyyatının genişləndirilməsi və müxtəlifləşdirilməsi baxımından vacibdir. Hal-hazırda ölkənin illik ÜDM-i təqribən 7 milyard dollar təşkil edir, lakin yeni maliyyə mərkəzinin dörd il ərzində bu göstəricini üç dəfə artıracağı gözlənilir.
Maldiv hökuməti MBS ilə əldə edilən razılaşmanı ölkənin maliyyə problemlərini, xüsusilə də yaxın iki ildə ödənilməsi lazım olan borcları yüngülləşdirməyə imkan verəcək bir yol kimi qiymətləndirir. “Moody’s” reytinq agentliyinin məlumatına görə, Maldiv bu il 600-700 milyon dollar, 2026-cı ildə isə 1 milyard dollara yaxın xarici borc ödəməlidir.
Maldiv hökuməti ilə “MBS Global Investments” arasında birgə müəssisənin yaradılmasına dair müqavilə mayın 4-də imzalanıb. Yeni qurulacaq Maliyyə Mərkəzi, əsas diqqəti blokçeyn texnologiyası və rəqəmsal aktivlərə yönəldəcək və ümumilikdə 830 min kvadratmetr ərazidə fəaliyyət göstərəcək. Layihənin beşinci ilində illik gəlirinin 1 milyard dolları keçəcəyi proqnozlaşdırılır.
Hazırda 14 milyard dollarlıq aktivləri idarə edən “MBS Global Investments” bu təşəbbüsü digər ailə fondları və yüksək gəlirli fərdi investorların daxil olacağı konsorsium vasitəsilə maliyyələşdirməyi nəzərdə tutur.