Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Gəncə şəhərində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemi ilə bağlı maarifləndirici görüş təşkil olunub. Görüş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının iştirakı ilə baş tutub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı iştirakçılara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verilib.
Görüş zamanı qeyd olunub ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemi tətbiq edən sahibkarlar bir-sıra üstünlüklər qazanır.
Müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Bu da istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranması ilə nəticələnir.
Xatırladaq ki, HACCP sisteminin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” Qanunla tənzimlənir. Müəssisələrdə bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul edilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.