Bakının Nərimanov rayonu istiqamətində, “premium” statusu ilə təqdim olunan “Şəhər Bağları” yaşayış kompleksində satışa çıxarılan mənzil sosial şəbəkələrdə və ictimaiyyətdə tənqidlərə səbəb olub. Belə ki, 720 kvadratmetrlik dubleks mənzil 4 milyon 500 min manat qiymətinə təklif olunur. Amma bu qədər yüksək məbləğin sadəcə bina mənzilinə verilməsi ciddi suallar doğurur.
Yenisabah.az xəbər verir ki, mənzil yüksək mərtəbədə yerləşir, Avropa brendli mebellərlə təchiz olunub, tam təmirli və şəhər panoraması ilə təqdim edilir. Lakin bu təfərrüatlar belə, 4,5 milyon manatlıq qiymətin əsaslandırılması üçün yetərli görünmür. Tikili bina şəraitində olan bir mənzilə, o da Nərimanov istiqamətində, bu cür qiymət qoyulması qeyri-real və süni şəkildə şişirdilmiş bazar göstəricilərinə işarə edir.
Qeyd edək ki, “Şəhər Bağları” kompleksi paytaxtın ən elit sayılan mərkəzi hissələrində deyil, Nərimanov rayonu ətrafında yerləşir. Bəzi təbəqələrdə prestijli kimi qəbul olunsa da, bu ərazinin nə tarixi dəyəri, nə də infrastrukturu 4 milyonluq daşınmaz əmlak üçün əsaslı arqument sayılmır.
Digər tərəfdən, bu mənzilin hələ də “bina evi” formatında təqdim olunması – yəni torpaq payı olmayan, fərdi həyəti və mülkiyyət müstəqilliyi olmayan bir daşınmaz əmlak olması – onun bu qiymətə satışını daha da şübhəli edir. Ekspertlər qeyd edirlər ki, bu cür mənzillərin dəyəri daha çox imitasiyaya və görünüşə əsaslanır.
Sosial şəbəkələrdə isə bəzi istifadəçilər bu elanı istehza ilə qarşılayıblar: “Nərimanovda bina evi üçün 4,5 milyon? Həyətyanı torpaq da verirlər, yoxsa sadəcə liftlə panoramaya baxmaq haqqı üçündür?”
Belə görünür ki, şəhər mənzərəsi, brend mebellər və “dünya səviyyəli dizayn” kimi ifadələrlə bəzədilən bu satış elanı əslində Bakıda daşınmaz əmlak bazarındakı süni qiymət strategiyalarının bir parçasıdır.
Aytac Şahin
Telegram kanalımız