Moskva, 5 may, AZƏRTAC
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ərəfəsində AZƏRTAC-ın müxbiri Rusiya Federasiyası Baş nazirinin sabiq müavini Valeri Sedovla söhbət edib. O, sovet və postsovet dövründə Heydər Əliyevlə görüşləri və birgə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.
Sovet dövründə Valeri Sedov SSRİ Dövlət Plan Komitəsində çalışırdı. Onun sözlərinə görə, həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan, nəqliyyat kompleksinə rəhbərlik edən Heydər Əliyevlə yolu dəfələrlə kəsişib: “İşimizin mahiyyətinə görə tez-tez görüşürdük. O, böyük rəhbər idi. Düzünü desəm, Sovet İttifaqında onun kimi bir neçə adam olsaydı, çox şey başqa cür olardı. O, qeyri-adi dərəcədə məsuliyyətli idi, hər bir ciddi məsələdə çox dərindən narahat olardı, onu həll etməyə çalışardı”.
O, Heydər Əliyevin strateji düşünmək və Azərbaycanın enerji mərkəzi kimi inkişaf perspektivlərini görmək bacarığını xüsusilə vurğulayıb: “Heydər Əliyev Azərbaycana qayıdanda aydın başa düşürdü: ölkənin neft gələcəyi olmalıdır. Bu, möhkəm geoloji əsaslara söykənirdi. Belə bir nəzəriyyə var idi ki, karbohidrogen yataqları yeraltı strukturda əmələ gəlirsə, bu, parabola, qərbdə isə geoloji modelə uyğundur. Bu, fantaziya deyil, geoloji kəşfiyyatdır, elmdir”.
V.Sedov vurğulayıb ki, Heydər Əliyev məhz bu anlayış üzərində strategiya qurmuşdu və bu strategiya Azərbaycanın müasir neft müstəqilliyinin əsasını qoyan məşhur “Əsrin müqaviləsi”nin - beynəlxalq neft şirkətləri ilə sənədin imzalanmasına səbəb olmuşdu.
O əlavə edib: “Heydər Əlirza oğlu inanılmaz dərəcədə uzaqgörən idi. O, xarici şirkətlərlə razılığa gələ bildi ki, Azərbaycan bütün qazı pulsuz alsın, ödənişlər isə ancaq neftə görə aparılsın. Nəticədə məlum oldu ki, qaz ehtiyatları gözləniləndən çox olub və bu, ölkənin iqtisadi bazasını gücləndirib”.
Bütün postsovet məkanında neft sənayesinin inkişafında Azərbaycanın rolundan danışan Valeri Sedov qeyd edib: “Azərbaycan, Bakı ilk neft rayonudur. Rusiyada bütün karbohidrogen ehtiyatlarının işlənməsi məktəbi oradan başlayıb. Qərbi Sibirdə yataqların işlənməsi vaxtı gələndə isə bu prosesdə əsas rolu məhz bakılı mütəxəssislər oynayıblar. Şəxsən mən bilirəm ki, geoloq Fərman Salmanov heç bir göstəriş gözləmədən Tümendə briqadalar yaradıb və bölgənin yataqlarının üzə çıxarılması işlərinə başlayıb. Yalnız bu azərbaycanlı mütəxəssislərin əzmkarlığı sayəsində Sibirdə yataqlar həqiqətən də istismara buraxıldı”.
Valeri Sedov artıq postsovet dövründə Rusiya hökuməti Sədrinin MDB işləri üzrə müavini kimi Azərbaycan tərəfini təmsil edən Heydər Əliyevlə dəfələrlə ünsiyyətdə olub. Onun sözlərinə görə, iki ölkə arasında bir çox praktiki məsələlər, o cümlədən iqtisadi və maliyyə sazişləri müzakirə olunub.
O, Heydər Əliyevin istənilən müşavirəyə özünəməxsus hazırlıq tərzini də qeyd edib: “Heydər Əliyev Nazirlər Sovetinin başdan-ayağa gəzə, qarşıdakı ezamiyyətin bütün aspektlərini hərtərəfli başa düşmək üçün hər bir mütəxəssislə söhbət edə bilərdi. O, hazırlıqsız tribunaya çıxmağı özünə rəva görməzdi. Hər kəs ona ehtiramla qulaq asırdı və bu, həqiqətən də yüksək hörmət hissi doğururdu”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva