"Zelenski, eləcə də Qərb dövlətləri və ABŞ-ın Rusiyadan əsas tələbi və istəyi qısamüddətli deyil, uzunmüddətli – azı 30 günlük atəşkəsin əldə olunmasıdır. Putinin təklif etdiyi 2-3 və ya 5 günlük atəşkəs isə Qərb üçün qənaətbəxş deyil."
Politoloq Əlimusa İbrahimov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Ukrayna tərəfi və xüsusilə Zelenski anlayır ki, Putinin bu atəşkəsi təklif etməsinin əsas məqsədi 9 May Qələbə Paradəsini yüksək səviyyədə keçirməkdir. Rusiya bu tədbirə bir sıra xarici dövlət rəhbərlərini, o cümlədən Çin liderini dəvət edib. Paradan əvvəl və ya onun gedişində atəşkəsin olması Rusiyaya vizual və siyasi üstünlük verə bilərdi.
Lakin Zelenski bu 3 günlük atəşkəs təklifini qəbul etmədi. Eyni zamanda, o, parada qatılacaq ölkə rəhbərlərinə mesaj ünvanladı ki, Ukrayna tərəfindən hər hansı təxribat olmayacaq. Bununla Zelenski, dolayısı ilə, həmin liderlərin Rusiyanın mümkün təxribat planlarında alətə çevrilməməsi üçün xəbərdarlıq etmiş oldu."