Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.
1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış görüntülərdə Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır”, - deyərək yanan evlərdən birini göstərir.
Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, erməni hərbçilərin 1989-cu il avqustun 12-də atası Mehti Məmmədovu öldürdüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.
Zərərçəkmiş digər şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını deyib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan SQ tərəfindən silahlı hücum nəticəsində işğal olunduğunu söyləyib.