AZ

Bakı-Dəməşq əlaqələri inkişaf edir: Samir Şərifov Suriyaya geniş səlahiyyətlərlə getdib

May ayının 4-də Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər edib.
Samir Şərifov səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaarla geniş tərkibli görüş keçirib.
Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara tərəfindən qəbul ediliblər.
Qeyd edək ki, Samir Şərifov Kiyevdə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. Yaxın Şərqdə, o cümlədən 1987-1990-cı illərdə Yəməndə işləyib.
S.Şərifov maliyyə naziri olarkən Azərbaycanla ərəb ölkələri arasında hökumətlərarası komissiyalara rəhbərlik edib. Bu baxımdan onun Suriyaya səfər edən nümayəndə heyətinə başçılıq etməsi təsadüfi deyil.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Suriya və Azərbaycan arasındakı münasibətlər faktiki olaraq Əhməd əş-Şəranın hakimiyyətə gəlməsi ilə əsaslı şəkildə dəyişdi:

"Bəşər Əsəd və onun atası Hafiz Əsəd dönəmlərində Azərbaycan-Suriya münasibətləri heç də yaxşı olmayıb. Hətta Bəşər Əsədin açıq-aşkar ermənipərəst mövqeyi, ermənilərə dəstək verməsi Azərbaycanla bağlı qətnamələrdə əks mövqedən çıxış etməsi kimi məsələlər Dəməşq-Bakı əlaqələrini hər zaman gərgin və soyuq saxlayıb. Suriyada hakimiyyətin dəyişilməsi, Əhməd əş-Şəra hökumətinin Türkiyənin dəstəyini alması fonunda Azərbaycanla da əlaqələrin yaxşılaşdırılması meylini göstərir. Hətta Prezident İlham Əliyev və Əhməd əş-Şəranın Antalyada bir araya gəlməsi, paralel olaraq təmasların başlanması ciddi irəliləyişlər kimi qiymətləndirilməlidir. İki ölkə arasında müsbət istiqamətdə ciddi münasibətlər qurula bilər. Xüsusilə də enerji sahəsində mühüm nailiyyətlərin əldə olunması mümkündür. Azərbaycanın TANAP və TAP layihəsi artıq Avropaya 20 milyard kubmetrdən çox qaz ixrac edir. Bu, hələki Rusiyaya nisbətdə kifayət qədər azdır. Lakin dövlətimiz bunu İraq Kürdüstanı və Mərkəzi Asiya ölkələri ilə artırmağa çalışır. Eyni zamanda Suriya TANAP layihəsinə qoşularaq Abropaya qaz nəql edə bilər. Nəticədə Azərbaycanın ixracının miqdarı artacaq, həm Türkiyə ötürücü ölkə kimi əlavə gəlir qazanacaq, həm də Suriyanın enerji sahəsində dövlətə əlavə gəlir gətirməsinə səbəb olacaq. Suriya hazırda vətəndaş müharibəsindən təzə çıxıb. Odur ki, ölkənin bərpası üçün ciddi maliyyəyə ehtiyacı var".

Politoloq əlavə edib ki, indiki məqamda Samir Şərifovun səfərinin əsas səbəbi enerji sahəsində əməkdaşlıqlardır:
"Əlavə olaraq, görüşün geosiyasi məqsədləri də mümkündür. Samir Şərifov hər nə qədər maliyyə naziri olsa da, Suriyaya səfərində geniş səlahiyyətlərlə getdiyini düşünürəm. Onun əsas məqsədlərindən biri Suriya ətrafında baş verən prosesləri də öyrənməkdir. Söhbət İsrail və Suriya arasında baş verən gərginliklər, İsrailin Dəməşq və ətraf ərazilərə zərbələr endirməsi, paralelində Türkiyə ilə qarşı-qarşıya gəlməsindən gedir. İsrail Suriyanın mərkəzi hakimiyyətinin güclənməsini istəmir. Çünki bunu özünə təhdid hesab edir. Üstəlik, Türkiyənin də Suriyada möhkəmlənməsi İsraili narahat edən faktorlardandır. Bu baxımdan iki ölkə arasında danışıqlara ehtiyac var. Odur ki, Azərbaycan öz vasitəçiliyini irəli sürə bilər".
Seçilən
0
1
sherg.az

2Mənbələr